YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevgeni Şulepov: Heydər Əliyevin Voloqdaya hər gəlişi şəhərin inkişafına güclü təkan verirdi

1983-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Rusiyanın Voloqda şəhərinin bayrağına Oktyabr İnqilabı ordenini sancmışdı. Bu münasibətlə keçirilən təntənələrdə Ulu Öndər şəhərin Oktyabr bağçasında palıd ağacı da əkmişdi. İndi həmin ağacın qarşısında şəhər sakinlərinin minnətdarlığının rəmzi kimi “Bu ağacı görkəmli siyasi xadim və dövlət xadimi Heydər Əliyev 1983-cü il iyulun 2-də əkib” sözləri yazılmış xatirə lövhəsi var. O günlərdən xeyli vaxt ötsə də, Voloqda sakinləri Ulu Öndər Heydər Əliyevin şəhər qarşısında xidmətlərini unutmurlar.

Noyabrın 5-də şəhərdə Voloqdanın Oktyabr İnqilabı ordeni ilə təltif edilməsi şərəfinə xatirə lövhəsinin təntənəli açılış mərasimi olub. Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Voloqdanın başçısı Yevgeni Şulepov iştirak ediblər.

Y.Şulepov mərasimdə çıxış edərək bildirib ki, SSRİ-nin əhəmiyyətinə görə ikinci ali ordenini Voloqdaya o zaman Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini işləmiş Heydər Əliyev gətirmişdi. Heydər Əliyev Voloqdaya tez-tez gəlirdi və hər gəlişi şəhərin iqtisadiyyatının inkişafına güclü təkan verirdi. Optika mexaniki zavodunun ikinci növbəsi, podşipnik zavodunun əlavə binası, yaşayış massivləri, məktəblər və uşaq bağçaları Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə tikilmişdi. Voloqda şəhərinin başçısı deyib: “Heydər Əliyevin Voloqdaya gəlişini xatırlayıram. Şəhər onun gəlişinə ciddi hazırlaşırdı. Heydər Əliyev Sovet İttifaqının bütün sənaye potensialına rəhbərlik edirdi və onun səfərindən sonra şəhərin həyatı yaxşılığa doğru xeyli dəyişdi”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dahi azərbaycanlı Heydər Əliyevin xatirəsinə böyük ehtirama görə Voloqda sakinlərinə təşəkkürün bildirib. Qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sovet ittifaqı dönəmində siyasi büronun üzvü, nazirlər soveti sədrinin birinci müavini idi və onun bilavasitə rəhbərliyi ilə ölkədə bir çox həyati əhəmiyyətli sahələr sürətlə inkişaf edirdi. P.Bülbüloğlu deyib: “Hazırda müxtəlif ölkələrdə yaşamağımıza baxmayaraq, əlaqələrimizi, mənəvi birliyimizi itirməmişik. Bu gün xatirə lövhəsinin açılması Heydər Əliyevin Voloqdaya səfərini yada salır. Bu, göstərir ki, iki xalq arasında mənəvi əlaqələr qırılmazdır. Rusiyanın qədim şəhərlərindən biri olan Voloqdada Azərbaycana, azərbaycanlılara, xalqımızın ümummilli lideri Heydər Əliyevə ehtiram və hörmətin şahidi olmaq mənim üçün çox xoşdur”.

Voloqdanın fəxri vətəndaşı, 1983-cü ildə bu şəhərə ali mükafatın təqdim edilməsi mərasiminin iştirakçısı, Heydər Əliyevi həmin səfərində müşayiət etmiş Aleksey Plexanov vurğulayıb ki, Heydər Əliyev şəhərin bir çox problemlərinin həllinə kömək edirdi. O deyib: “33 il əvvəl Heydər Əliyev Oktyabr bağçasında palıd ağacı əkmişdi. Palıd möhkəm ağacdır, o, əsrlərlə yaşayacaq və iki xalq arasında dostluğun rəmzinə çevriləcək”.