YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Bu yolun yenidən qurulması üçün 2013-cü ilin fevralında dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,5 milyon manat vəsait ayrılıb. Həmin ilin iyununda tikinti işlərinə başlanıb. Ümumi uzunluğu 28 kilometr olan yolun 24,5 kilometri artıq istismara hazırdır. Dördüncü texniki dərəcəli yolun eni 10 metrdir. Ərazidən asılı olaraq onun 6,5 metrini asfalt örtüyü, 3-4 metrini çiyin təşkil edir. Avtomobil yoluna 10 santimetr hündürlüyündə 2 qatdan ibarət asfalt-beton örtüyü döşənib.

Yolun əhəmiyyətini artıran əsas amil onun 12 yaşayış məntəqəsini birləşdirməsidir. Bu isə 15,6 min insanın rahatlığını təmin edəcək.

Prezident İlham Əliyevə Zaqatala şəhərinin 28 May və Qarabağ küçələrində aparılan yenidənqurma və bərpa işləri barədə də məlumat verildi. Görülən işlər 2011-ci ildən həyata keçirilən layihənin - Zaqatala şəhərinin qədim hissəsinin – tarixi mərkəzinin bərpası və yenidən qurulması layihəsinin davamıdır. Bu ərazidəki binaların böyük əksəriyyəti XIX əsrdə inşa edilib. 2014-cü ildən başlanılan yenidənqurma və bərpa işləri çərçivəsində 28 May və Qarabağ küçələrində 60-dan çox yaşayış binasında, sahibkarlıq obyektlərində bərpa işləri aparılıb, 5400 kvadratmetr asfalt örtüyü salınıb, yağış sularının axıdılması üçün arxlar qazılıb, yaşıllıq və işıqlandırma işləri görülüb. Binaların fasadları təbii çay daşı və kərpiclə üzlənib ki, bu da əraziyə xüsusi gözəllik verir.

Burada dövlətimizin başçısına, həmçinin Zaqatala rayonunun Yuxarı Tala və Aşağı Tala kəndlərinin və Zaqatala şəhərinin ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi və abadlaşdırılması işləri barədə məlumat verildi. Əsaslı təmir zamanı Yuxarı Tala kəndinə girişdə yol qovşağı inşa edilib, ərazi abadlaşdırılıb. Avtomobil yolunun Yuxarı Tala və Aşağı Tala kəndləri ərazisindən keçən hissəsində ikitərəfli yola keçid üçün yolun genişləndirilməsi məqsədilə 2 min metr uzunluğunda ikitərəfli istinad divarı və səki inşa edilib. Ümumilikdə, 4 kilometr uzunluğu olan yolda görülən işlər çərçivəsində müasir dayanacaqlar qoyulub, işıqlandırma sistemi quraşdırılıb. Hazırda yolun digər hissələrinin genişləndirilməsi və abadlaşdırılması işləri davam etdirilir.

Sonra dövlətimizin başçısı Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.