YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Nezavisimaya qazeta”: Azərbaycan seçkilərə ciddi hazırlaşır

“Nezavisimaya qazeta”da noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərindən bəhs edən məqalə dərc olunub.

Məqalədə Azərbaycan Milli Məclisinə seçkilərdə namizədlərin təbliğat-təşviqat kampaniyasının artıq başa çatmaq üzrə olduğu bildirilir: “Mərkəzi Seçki Komissiyasının məlumatına görə seçkilər noyabrın 1-də saat 8:00-da başlayacaq, 19:00-da başa çatacaq. Komissiyanın İnformasiya Mərkəzi seçkilərin gedişi haqda saat 10:00-da, 12:00-da, 17:00-da və 19:00-da məlumat verəcək. MSK-nın sədri Məzahir Pənahov jurnalistlərə deyib ki, seçkiləri izləmək üçün 500-ə yaxın beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası oktyabrın 30-da ispan deputat Yordi Cuklanın rəhbərliyi ilə Bakıya gələcək. Bakıda Rusiya nümayəndə heyətini də gözləyirlər. Eyni zamanda, MDB-nin uzunmüddətli müşahidəçiləri artıq Azərbaycanda seçkilərin monitorinqini keçirir. İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkunun rəhbərliyi ilə müşahidə missiyası tərəfindən respublika qanunvericiliyi öyrənilir, bütün dairə seçki komissiyalarının işi müşahidə edilir. Seçki günü Bakıya gələcək MDB-nin 147 müşahidəçisi ölkənin bütün bölgələrində müşahidə aparacaq”.

V. Qarkun bildirib ki, onlar Sumqayıt, Abşeron, Qəbələ və İsmayıllıda olublar. Müşahidə aparmaq üçün əlverişli şərait yaradılıb. “Seçki prosesinin təşkili üçün qəbul edilən qanunvericilik bazası ilə ciddi şəkildə tanış olmuşuq. Azərbaycanda seçkilər beynəlxalq qaydalara və seçkilərin keçirilməsi prinsipinə uyğundur. MDB ölkələrindən olan müşahidəçilər MSK və dairə seçki komissiyalarının işini yüksək səviyyədə qiymətləndirirlər”, - deyə o əlavə edib.

“Nezavisimaya qazeta” yazır ki, hazırlıq prosesini və seçkiləri Rusiya jurnalistlərinin böyük qrupu da işıqlandıracaq. Onlar Milli Məclisin sədri Oqtay Əsədovla görüşüblər. Azərbaycan parlamentinin rəhbəri görüşdə seçkilərə hazırlıq prosesindən danışıb.

Məqalədə qeyd edilir ki, ATƏT/DTİHB-nin Azərbaycanda seçkilərin izlənməsindən imtina ilə bağlı atdığı addım təkcə ölkə daxilində deyil, xaricdə də sərt tənqid olunur. Buna görə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT/DTİHB-ni tənqid etməsini xatırladan qəzet Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə ikili standartlar” məqaləsindən də sitatlar verir.