YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın BMT yanındakı nümayəndəliyi Ermənistanın təxribatçı əməli ilə əlaqədar təşkilatın baş katibinə məktub ünvanlayıb

Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən Tərtər rayonunun Qapanlı kəndində keçirilmiş toy mərasimini atəşə tutması ilə əlaqədar Azərbaycan Respublikasının BMT yanındakı daimi nümayəndəliyi tərəfindən BMT baş katibinə məktub ünvanlanıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının A/69/1028-S/2015/704 saylı rəsmi sənədi kimi yayılıb.

Məktubda 2015-ci il sentyabrın 1-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindəki mövqeyindən məqsədli şəkildə Tərtər rayonunun Qapanlı kəndində keçirilmiş toy mərasimini atəşə tutması nəticəsində bir azyaşlı uşaq da daxil olmaqla üç mülki şəxsin yaralandığı bildirilir.

Qeyd edilir ki, toy mərasiminin atəşə tutulması, birbaşa mülki şəxslərin hədəfə alınması Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir və bu, beynəlxalq cinayət hüququna əsasən hərbi cinayətdir.

Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin atəşə tutulmasının yeni hal olmadığı qeyd edilərək, Azərbaycan Respublikasına qarşı davam edən təcavüz əsnasında Ermənistan tərəfindən azərbaycanlı mülki şəxslərin öldürülməsi, əsirgötürmə, hərbi əsirlərə və girovlara qarşı qeyri-insani davranış və işğal edilmiş ərazilərdə etnik təmizləmə kimi bir çox cinayət əməllərinin törədildiyi haqqında məlumat verilir. Bu xüsusda, Xocalı şəhərinin mülki sakinlərinə qarşı törədilmiş amansız qırğın qeyd edilir.

Məktubda, həmçinin bu kimi cinayətlərin təsadüfi olmadığı, Ermənistan tərəfindən irqi və etnik ayrı-seçkilik, nifrət və ərazi istilası kimi məkrli ideyalar əsasında yürüdülən sistemli siyasətin tərkib hissəsi olduğu bildirilir. Atəşkəs rejiminin mütəmadi əsasda pozulması və mülki Azərbaycan əhalisinin silahlı hücumlara məruz qalmasının Ermənistanın münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmamasının əyani sübutu olduğu qeyd edilir. Ermənistanın əsl niyyətinin Azərbaycan ərazilərinin işğalını davam etdirmək və bütün vasitələrlə cari status-kvonu saxlamaq olduğu diqqətə çatdırılır.

Sənəddə bildirilir: “Mülki şəxslərin müdafiəsinin BMT Təhlükəsizlik Şurasının gündəliyində daim əsas məsələlərdən biri olması və beynəlxalq ictimaiyyətin mülki şəxslərin müdafiə dairəsini genişləndirmək və qırğınları azaltmaq istəyinin fonunda Ermənistan hüquqi öhdəliklərinə məhəl qoymur və mülki şəxslərin qətlini hədəfləyən siyasət yürüdür. Buna son qoyulmalıdır”.

Sənəddə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü və Ermənistanın cəzasızlığına son qoyulması üçün BMT Təhlükəsizlik Şurası tərəfindən qəti addımların atılmalı olduğu vurğulanır.

DİGƏR Xəbərlər Arxiv