YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri: Azərbaycan parlamenti bugünkü dövlətçilik sistemimizdə mühüm yer tutur

«Bugünkü Azərbaycan möhkəm əsaslar üzərində qurulmuşdur.  Müstəqilliyin ilk illərində Ulu öndər Heydər Əliyevin fədakar əməyi sayəsində milli dövlətçiliyimizin təməli qoyulmaqla yanaşı, onun ideoloji-siyasi dayaqları da yaradılmışdır. Bu dahi şəxsiyyətin müstəqil dövlətçilik məfkurəsi bu gün Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək, müasir dünyada cərəyan edən mürəkkəb  iqtisadi və siyasi proseslər şəraitində Azərbaycanı yeni-yeni zirvələrə aparan ideoloji baza rolunda çıxış edir». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin sədri, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, Azərbaycan parlamenti bugünkü dövlətçilik sistemimizdə mühüm yer tutur. Onun sözlərinə görə, bu sahədə mövcud olan tarixi ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından ölkənin Milli Məclisinə qloballaşan dünyada baş verən proseslərə bələd olan müasir dünyagörüşlü insanların seçilməsi, ölkənin siyasi palitrasının və plüralizmin Milli Məclisdə əks olunması, milli mənafelərə söykənən qanunvericiliyin inkişafı günün tələbidir.

«Parlament ölkənin siyasi və hüquqi sisteminin dayaqlarından  biridir. Burada qəbul edilən qanun və qərarlar təbii olaraq ölkənin ictimai-siyasi həyatına öz təsirini göstərir. Azərbaycanda sosial ədalət prinsipinə söykənən müasir cəmiyyətin yaranmasına Milli Məclis önəmli töhfəsini vermişdir. Siyasi sistemin dünya standartları səviyyəsinə yüksəlməsi, ölkənin iqtisadi qüdrətinin artması və demokratik proseslərin dərinləşməsi məqsədi ilə hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi həmişə Milli Məclisin diqqət mərkəzində olmuşdur.

Bu gün regionun iqtisadi simasını dəyişmək iqtidarında olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri təkcə bölgənin deyil, həm də Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfə verir. Azərbaycan bununla kifayətlənmir. Qədim İpək yolunu dəmir relslər üzərinə keçirmək arzusunda olan ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin köməyi ilə  Asiya ilə Avropanı birləşdirəcək yeni kommunikasiya qovşağı yaratmağa hazırlaşır. TANAP kimi mühüm qaz layihəsinin reallaşması isə nəinki regionun, eləcə də Avropanın enerji xəritəsini dəyişəcəkdir.

Bu nailiyyətlərin əldə edilməsinə Azərbaycan parlamenti də öz töhfəsini vermişdir. Belə ki, Milli Məclis həmişə dövlət başçısı tərəfindən həyata keçirilən quruculuq işlərini, həyatın bütün sahələrində islahatların aparılmasını öz səlahiyyətləri çərçivəsində dəstəkləmişdir.  Ötən illərdə Milli Məclis qanunvericilik sistemini daha da təkmilləşdirmək istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir»- deyə, Milli Məclisin sədri vurğulayıb.