YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi keçirən qruplar qatı duman səbəbindən vizual əlaqə yarada bilməyib. Yalnız radiorabitə əlaqəsindən sonra monitorinq baş tutmuş hesab olunub və insidentsiz başa çatıb.

Sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə məruz qalan Kəmərli kəndindəki ziyan dəymiş evlərə baxış keçirib və yerli sakinlərlə görüşüblər.

Beynəlxalq təşkilatın nümayəndələri sentyabrın 23-də gecə saatlarında Ermənistanın Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində yaralanmış Esmira Dursunova ilə görüşüb, onun səhhəti ilə maraqlanıblar.