YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Türkmənistan Azərbaycanın “ASAN xidmət” modelinin tətbiqi imkanını nəzərdən keçirir

Türkmənistan Azərbaycanın “ASAN xidmət” bazasında əhaliyə göstərilən innovativ xidmət modeli ilə yaxından maraqlanır.

SINAM şirkətindən bildiriblər ki, “ASAN xidmət” Türkmənistanın ən böyük şirkətlərindən biri olan “Qaraqum”un dəstəyi ilə təşkil edilmiş “Turkmentel 2015” sərgisində təmsil olunub.

“ASAN xidmət”in Türkmənistanda tətbiqi barədə müsbət qərar qəbul olunarsa, o zaman bu innovativ modelin həmin ölkədə gerçəkləşdirilməsi üçün müvafiq konsorsiumun yaradılması planlaşdırılır. Azərbaycan tərəfindən konsorsiuma Dünya Bankı və Asiya İnkişaf Bankının dəstəyi ilə Mərkəzi Asiya ölkələrində mühüm avtomatlaşdırma sistemlərini tətbiq etməklə bu sahədə böyük təcrübə qazanmış SINAM şirkəti daxil olacaq. SINAM şirkəti Türkmənistanın “ASAN xidmət”i üçün nəzərdə tutulmuş e-platformaların quraşdırılması ilə məşğul olacaq.

Türkmənistan bu konsorsiumda “Qaraqum”a bağlı “Turkmentolek” şirkəti ilə təmsil oluna bilər. “Qaraqum” şirkəti 1989-cu ildən Türkmənistanın müxtəlif sahələrində iri layihələrin reallaşdırılması ilə məşğuldur.

Türkmənistan əhali və biznesə xidmət göstərən bütün nazirlik və digər hökumət qurumlarının qoşulacağı və “bulud” texnologiyalarının tətbiqi ilə yaradılacaq vahid hökumət “e-platforması” layihəsini reallaşdırmağı düşünür. Təcrübə göstərir ki, məhz müasir, yüksək texnologiyaların tətbiqi əhali və biznes qurumlarına göstərilən sosial innovativ xidmətlərin səmərəliliyini dəfələrlə artırmağa imkan verir.

Gələn il Türkmənistanda “Avtomatlaşdırma ili” elan edilib və bununla əlaqədar ölkənin yüksək texnologiyalar sahəsində müxtəlif layihələrin reallaşdırılması nəzərdə tutulub.