YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidenti İlham Əliyev Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Proqram çərçivəsində həyata keçirilən “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla rayon mərkəzində 22 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 37 min nəfər əhalinin yaşadığı 15 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 59 min nəfər faydalanacaq. Layihə çərçivəsində Ucar Sukanal İdarəsi üçün müasir tələblərə cavab verən yeni inzibati bina tikilib.

Prezident İlham Əliyev idarənin binasında yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, ümumi sahəsi 720 kvadratmetr olan binada müasir tələblərə cavab verən “SCADA” idarəetmə mərkəzi yaradılıb. Onun vasitəsilə suyun mənbədən istehlakçıyadək ötürülməsi onlayn rejimdə tənzimlənəcək. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Coğrafi İnformasiya Sisteminin yaradılmasıdır. Ucar şəhərində də tətbiq olunmuş bu sistem sayəsində gələcəkdə bütün şəbəkə infrastrukturu coğrafi məlumatlar bazasına əsaslanan rəqəmsal xəritələrin tətbiqi ilə idarə ediləcək. Bu sistem dünyanın iki nüfuzlu müsabiqəsinin qalibi olub.

Diqqətə çatdırıldı ki, 2011-ci ilin oktyabrında icrasına başlanılan “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Ucar şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Ağsu rayonu ərazisində Girdimançayın yatağında yerləşən Külüllü su mənbəyi seçilib. Burada sugötürücü qurğu, mənbənin yaxınlığında Ucar şəhərini təmin etmək üçün hər birinin tutumu 3750 kubmetr olan 2 su anbarı tikilib. Anbarlardan Ucar şəhərinə 57 kilometr özüaxımlı magistral su kəməri çəkilib. Artıq bu kəmərdən Ucar şəhərinin yaxınlığındakı Gəraybəyli və Qarabörk kəndlərinə içməli su verilib. Ucar şəhərində inşası nəzərdə tutulan 120 kilometr içməli su şəbəkəsinin inşası tam yekunlaşıb, 4891 ünvana birləşmə verilib və smart sayğaclar quraşdırılıb. İçməli su təchizatının dayanıqlığını təmin etmək üçün şəhərdə hər birinin tutumu 1500 kubmetr olan 2 su anbarı tikilib. Hazırda Ucar şəhərinin bütün abonentləri fasiləsiz içməli su ilə təmin olunur.

Bildirildi ki, şəhər üzrə layihələndirilən 88 kilometrlik kanalizasiya şəbəkəsinin 20 kilometrlik hissəsi də hazırdır. Şəhərdə yaranacaq tullantı suları gələcəkdə inşa ediləcək və məhsuldarlığı sutkada 10 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək.

Həmçinin qeyd olundu ki, Ucar şəhərində mərkəzləşdirilmiş su təchizatı sistemləri 1970-ci illərin sonlarında yaradılıb. Şəhərə içməli su Göyçay rayonunun Potu kəndi ərazisində yerləşən subartezian quyulardan verilirdi və “Azərsu” ASC şəhər sakinlərinin 55 faizinə xidmət göstərirdi. Əhalinin qalan hissəsi tələbatını kanal və arx sularından istifadə etməklə ödəyirdi. Kanalizasiya sistemi indiyə qədər mövcud olmayıb.

Sonra Prezident İlham Əliyev şəbəkəyə suyun verilməsini bildirən düyməni basdı.

Bununla Ucar şəhərinin 24 saat fasiləsiz su ilə təmin olunması prosesi uğurla yerinə yetirildi.

Diqqətə çatdırıldı ki, idarənin binasında müasir tipli yeni laboratoriya da qurulub. Burada içməli suyun vacib 14 parametri öyrəniləcək. Daha geniş və dəqiq analizlərin aparılması zərurəti yarandıqda nümunələr xüsusi təyinatlı maşınlarda Bakıdakı mərkəzi laboratoriyaya göndərilir. İdarənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə nəqliyyat vasitələri və xüsusi texnikalar alınıb.

Daha sonra Ucar ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdilər.