YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir Səlahəddin Rəbbani: Azərbaycanın inkişaf modeli Əfqanıstan üçün maraqlı nümunədir

Sentyabrın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində əfqanıstanlı həmkarı Səlahəddin Rəbbani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə tərəflər Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu qeyd ediblər. Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstana göstərdiyi dəstək yüksək qiymətləndirilib və iki ölkə arasında nəqliyyat, enerji, təhsil və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğu bildirilib.

Azərbaycanın BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində keçirilən Davamlı İnkişaf Məqsədləri üzrə Zirvə toplantısının işində fəal iştirakı, Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunub, ölkəmizin uğurlu siyasi, iqtisadi və sosial inkişaf modelinin Əfqanıstan üçün maraqlı bir nümunə olduğu qeyd edilib.

Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək, bu layihələrin bütün region boyunca BMT tərəfindən müəyyən edilən davamlı inkişaf hədəflərinə, regional əməkdaşlığa xidmət etdiyini, regionun nəqliyyat və enerji mənzərəsini əsaslı şəkildə dəyişdiyini diqqətə çatdırıb. Bakı-Tbilisi-Qars layihəsinin tezliklə fəaliyyətə başlayacağını qeyd edən nazir bu nəqliyyat infrastrukturunun yük daşımalarının, ticari-iqtisadi əlaqələrin və insanlararası təmasların artmasına xidmət edəcəyini və perspektivdə regional nəqliyyat qovşağı vasitəsilə Əfqanıstanın da onun imkanlarından istifadə edə biləcəyini bildirib.

Səlahəddin Rəbbani ölkəsinin Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan ərazisindən keçəcək (TAPİ) qaz boru kəmərinin təməlqoyma mərasiminin bu ilin sonunda həyata keçirilməsinin nəzərdə tutulduğu və Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolu xəttinin tikintisinin davam etdiyi barədə məlumat verib, davamlı regional inkişaf baxımdan nəqliyyat infrastrukturlarının əhəmiyyətini qeyd edib.

Elmar Məmmədyarov bir-birini tamamlayan və regional nəqliyyat qovşağının yaranmasına xidmət edən bu layihələrin həyata keçirilməsi ilə əlaqədar sərhəd tənzimlənməsi, təhlükəsizliyin təminatı, yolların tikintisi və sair bu kimi məsələlərin müzakirəsinin mühüm olduğunu qeyd edərək, bu məqsədlə region dövlətlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.