YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qlobal Bakı Forumunun IV toplantısı keçiriləcək

Oktyabrın 8-9-da Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin himayəsi ilə Sofiya şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış” mövzusunda 6-cı ali səviyyəli toplantısı təşkil ediləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində Qlobal Bakı Forumunun IV toplantısına hazırlıqla əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin təşəbbüsü ilə təsis edilmiş Təşkilat Komitəsinin ilk iclası da keçiriləcək.

Təşkilat Komitəsinə iki ölkənin hazırkı dövlət başçısı - Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev və Makedoniya Respublikasının Prezidenti Gyorge İvanov da daxildir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, həmçinin Mərkəzin Qəyyumlar Şurasının sədri Nazim İbrahimov Təşkilat Komitəsinin üzvləridir.

Bununla yanaşı, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov və Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa, Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku, Kanadanın keçmiş Baş naziri Jan Kretien, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini, Finlandiyanın sabiq Prezidenti Tarya Halonen və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Katibliyi də Qlobal Bakı Forumunun IV toplantısına hazırlıqla əlaqədar Təşkilat Komitəsinin üzvləri sırasına daxildir.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Qlobal Bakı Forumunun IV toplantısının 2016-cı il martın 10-11-də Bakı şəhərində keçirilməsi planlaşdırılır.