YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Dağlıq Qarabağda keçirilən qondarma seçkilərin nəticələrini tanımayacaq

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejim sentyabrın 13-də bələdiyyə seçkiləri keçirəcək.

Sentyabrın 10-də ABŞ Dövlət Departamentində keçirilən brifinqdə AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Yusif Babanlı bildirib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən yaradılmış qondarma rejim sentyabrın 13-də bələdiyyə seçkiləri keçirməyə hazırlaşır. Bununla da Azərbaycan Respublikasının Konstitusiyasını və beynəlxalq hüquq normalarını pozur. Artıq bir neçə ölkə bu qondarma seçkiləri tanımadığı barədə bəyanat verib. Xüsusi müxbir ABŞ rəhbərliyinin keçiriləcək qanunsuz seçkilərə dair mövqeyini bildirməsini xahiş edib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kerbi sualı cavablandıraraq deyib: “Etiraf edirik ki, münaqişənin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağın əhalisi öz gələcəyinin həllində rol oynayacaq. Buna baxmayaraq, ABŞ Dağlıq Qarabağı müstəqil, suveren ölkə kimi tanımır və bununla əlaqədar olaraq, sentyabrın 13-də keçiriləcək dırnaqarası seçkilərin nəticələrini regionun hüquqi statusuna təsir göstərən nəticələr kimi qəbul etməyəcək”. O, həmçinin bildirib ki, bu qanunsuz seçkilər Dağlıq Qarabağın qəti statusu məsələsini, yaxud Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün cari danışıqların nəticələrini heç bir halda irəlicədən müəyyən etmir.

Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ regionu erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Müharibə zamanı Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bu ərazilərində qondarma rejim qurulub. ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar aparılır. Təcavüzkar ölkə, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması, habelə məcburi köçkünlərin doğma yurdlarına qaytarılması üçün şəraitin yaradılmasını tələb edən 822, 853, 874, 884 nömrəli qətnamələrini icra etməkdən tamamilə imtina edir.