YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan haqqında jurnal nəşr olunub

Sentyabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən populyar qəzeti olan “Gulf news” Dubaydakı baş konsulluğumuzun təşəbbüsü və dəstəyi ilə bu ölkədə ilk dəfə Azərbaycan haqqında jurnal nəşr edib.

Konsulluqdan bildiriblər ki, nəşrdə 2015-ci il aprelin 1-də BƏƏ-nin Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun Bakıya rəsmi səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşünə və bu səfərin iki ölkə arasında mövcud yüksək səviyyəli münasibətlərin daha da inkişaf etməsinə əlverişli zəmin yaratmasına xüsusi yer ayrılıb.

Baş konsul Pərviz İsmayılzadə BƏƏ ilə ölkəmiz arasında bir çox sahədə, xüsusilə ticarət sahəsində əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyindən, Dubay Sənaye və Ticarət Palatasının ilk xarici nümayəndəliyini məhz Bakıda açılmasından, 2012-ci ildə BƏƏ-də fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayının 49 faiz artaraq, 262–yə çatmasından bəhs edib.

Nəşrdə, həmçinin “Bakı-2015” ilk Avropa oyunlarının möhtəşəm açılış mərasimi, 93 ölkəyə birbaşa yayımlanan idman yarışlarının bir milyarddan çox insanın izlədiyi, 2014-cü il ərzində sosial şəbəkələrdə 33 milyon insanın Azərbaycan haqqında məlumat axtardığı qeyd olunub. Tarixi abidələrimiz Şirvanşahlar sarayı və Bibiheybət məscidi, müasir memarlıq nümunəsi olan Alov Qüllələri, məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş əzəmətli Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumatlar da yer alıb.

Jurnalın redaktoru Eduan Maggo tarixi kökləri və özünəməxsusluğu ilə fərqlənən Azərbaycan mətbəxinin əcnəbi qonaqları məftun etdiyini, qədim kulinariya ənənələrinin qorunması ilə yanaşı, müasir dünya mətbəxi nümunələrinin də menyulara əlavə edildiyini vurğulayıb.

Nəşrdəki yazılar ayrı-ayrılıqda üç məqalə şəklində “Gulf News” qəzetinin 6 sentyabr tarixli buraxılışında dərc olunub.