Xəbərlər
Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Azərbaycan müstəqilliyini bərpa etdikdən, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün sahələrdə inkişaf, tərəqqi yoluna qədəm qoydu. Təbii ki, ölkə mətbuatı da bu inkişafdan kənarda qalmadı. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız özünün yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. Ölkəmiz müstəqillik əldə etdikdən sonra hər il iyulun 22-si, yəni, Azərbaycanın ilk yazılı mətbu orqanı olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü tarix Milli Mətbuat Günü kimi qeyd olunur. Bu il Azərbaycan milli mətbuatının 149 illiyidir.
Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.
Tarixi Zəfərimiz əlaqələrdə yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Daim dünyaya dostluğun, qardaşlığın və müttəfiqliyin nümunəsini təqdim edən Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi mətbuat sahəsində də özünün aydın ifadəsini tapdı. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edildi. Raşılaşmaya əsasən iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti baxımından səmərəli fəaliyyət göstərməsi məqsədilə Birgə Media Platforması yaradılması çərçivəsində tərəflər arasında əməkdaşlıq aparılacaq sahələr müəyyən edilmişdir (media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması, peşə təhsili və mübadilə proqramlarının təşkil ediməsi, iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması).
Ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu da reallıqlarımızın təbliği istiqamətində atılan addımların tərkib hissələrindəndir. İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirildi. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynadı. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada bir çox beynəlxalq tədbirlər keçirilib. Hər bir tədbir bu məkandan dünyaya səsləndirilən çağırışlarla tarixdə qalıb. Dünyanın müxtəlif ölkələrinin media nümayəndələrini bir araya gətirən beynəlxalq əhəmiyyətli tədbirin artıq ənənəyə çevrilərək mədəniyyət paytaxtımız Şuşada keçirilməsinin əhəmiyyəti aydındır. İctimai fikrin formalaşmasında yazılı və elektron KİV-lərin rolunu nəzərə alsaq postmünaqişə dövrünün reallıqlarının qəbul olunduğu və həyata keçirildiyi bir zamanda belə Forumların müntəzəm keçirilməsi özündə vacib məqamları ehtiva edir.
Dövlət başçısı İlham Əliyev çıxışında və Forum iştirakşılarının suallarını cavablandırarkən daha çox gələcək hədəflərə diqqəti yönəltdi və Azərbaycanın gələcəyi ilə bağlı ümumi modeli təqdim etdi. Cənab İlham Əliyev, eyni zamanda, diqqəti hazırkı dövrün əsas çağırışlarından olan türk dünyasının birliyi məsələsinə yönəltdi. Qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafına baxışları aydındır. Bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır: “Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq. O ki qaldı, hərbi sahədə işbirliyinə, buradan bir neçə yüz metr məsafədə əziz qardaşım Tayyib bəylə biz 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsini imzaladıq. Türkiyə və Azərbaycan rəsmən müttəfiqlər oldu, o cümlədən hərbi sahədə.”
Prezident İlham Əliyev bildirdi ki, bu, bütün türk cümhuriyyətləri üçün gözəl bir örnəkdir. Təbii ki, hər cümhuriyyətin öz siyasəti, öz baxışları var və biz təşkilat olaraq hər bir ölkənin müstəqilliyini dəstəkləyir, qoruyur və hər şeydən üstün tuturuq. Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. İnşallah, belə də olacaq.
Hər dövrün öz çağırışları var. Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edərək bu çağırışları yüksək səviyyədə cavablandırır. Reallıq budur ki, Böyük Qayıdış proqramı tam şəkildə reallığa çevrildikdən sonra işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə ölkəmizin gələcəkdə davamlı inkişafına öz töhfəsini verəcək. İkinci Şuşa Qlobal Media Forumunda dövlət başçısı İlham Əliyevin sülh və yeni əməkdaşlıq çağırışları əsas yer tutdu. Sülh müqaviləsinin imzalanması bölgəyə dayanıqlı sülh və təhlükəsizlik gətirəcək ki, bu da əməkdaşlığın coğrafiyasının genişlənməsini şərtləndirəcək. Forumda aparılan müzakirələr gələcək üçün ideya, istiqamət oldu.