YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərin müjdəçisi

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Əsası 1875-ci il 22 iyulda "Əkinçi" qəzetinin nəşri ilə qoyulan Azərbaycan milli mətbuatı zəngin inkişaf yolu keçib. Maarifçi və jurnalist Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan “Əkinçi” xalqın maarifçilik və mətbuat tarixində yeni bir səhifə idi. Sonrakı illərdə görkəmli ziyalılarımız  tərəfindən nəşr edilən “Ziya”, “Şərqi-Rus”, “İrşad”, “Molla Nəsrəddin” və sair kimi nəşrlər  məhz “Əkinçi” ənənələrini davam etdirmişdir.

Mətbuat bütün dövrlərdə həqiqətlərin  çarçısı kimi çıxış edib.  Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqillik və azadlıq ideyalarının, Sovet hakimiyyəti illərində  kommunist  ideyalarının,  xalqın zəngin milli adət-ənənələrinin  təbliğində  böyük rol oynamışdır. Baxmayaraq ki,  o dövr çox sərt ideoloji buxovlar və ciddi senzura qaydaları ilə əhatə olunmuşdur, amma mətbuat milli dəyərlərin qorunmasında üzərinə düşən missiyanı layiqincə yerinə yetirmişdir.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin  ilk illərdə ölkəmizə idarəçilikdən xəbərsiz insanların rəhbərliyi digər sahələrdə olduğu kimi, mətbuatda da uğursuzluqlara yol açdı. Belə çətin, siyadi durumun gərgin, xaosun, özbaşınalıqların, anarxiyanın hökm sürdüyü bir zamanda  mətbuatın inkişafından, azad sözə, fikrə dəyərdən danışmaq mümkün deyildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə inkişafın, yeni mərhələnin əsasını qoydu. 1993-cü ildən başlayaraq Ümummilli Liderin  rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində davamlı xarakter aldı. Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev “Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndilirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır" fikirləri ilə mətbuatın cəmiyyətdə rolunu önə çəkməklə yanaşı, qarşısında dayanan vəzifələri açıqlayır.

Cəmiyyətdə demokratik münasibətlərin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir. Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafına qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir.

 Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir və bildirir ki, Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur: “Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.”

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə  üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə mərhələsində də bu işi davam etdirməkdədir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, suverenliyimizin tam bərpa edilməsi ilə yeni dövrə qədəm qoyan qalib Azərbaycan uğurları ilə dünyanın diqqətindədir.