YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın yeni mərhələsi

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

15 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında "Müttəfiqlik Münasibətləri Haqqında Şuşa Bəyannaməsi"nin imzalanması iki qardaş ölkənin tarixi əlaqələrinin yeni bir mərhələyə qədəm qoyduğunu bütün dünyaya bəyan etdi. Şuşada imzalanan bu bəyannamə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə tarixi əhəmiyyət daşıyan bir hadisə kimi yadda qaldı.

Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artıraraq, iki ölkə arasında siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə əməkdaşlığı daha da gücləndirir. Bu sənəd hər iki dövlətin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, regionda sülh və sabitliyi təmin etməklə inteqrasiya proseslərinə yeni impuls verir.

Bəyannamə Azərbaycan və Türkiyə arasında bütün sahələri əhatə edən əməkdaşlıq platforması yaradır. İki ölkə arasında qarşılıqlı investisiyaların təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil və ordu quruculuğu kimi sahələrdə sıx əməkdaşlıq nəzərdə tutulur. Xüsusilə Zəngəzur dəhlizinin həyata keçirilməsi, Şərqdən Qərbə yeni iqtisadi yol açaraq bölgənin geosiyasi və iqtisadi əhəmiyyətini artıracaq.

Şuşa Bəyannaməsi həm də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığı gücləndirir. Müttəfiqlik münasibətləri çərçivəsində hər iki ölkə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında birgə səylər göstərərək bölgədə yeni sərmayə qoyuluşunu və iqtisadi inkişafı dəstəkləyir.

Bəyannamənin imzalanması, eyni zamanda, beynəlxalq aləmdə əhəmiyyətli mesajlar verir. Bu sənəd Ermənistanın revanşist qüvvələrinə qarşı mühüm bir ismarış olaraq Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının təminatını möhkəmləndirir.

Şuşa Bəyannaməsi ilə nəzərdə tutulan hərbi əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri hər iki ölkənin müdafiə sənayesinin inkişafına və hərbi qüdrətinin artırılmasına xidmət edir. Azərbaycanın pilotsuz uçuş aparatları istehsalında inkişaf etməsi və iki ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması istiqamətində birgə səylərin göstərilməsi müdafiə qabiliyyətlərinin möhkəmləndirilməsinə yönəlib.

Bəyannamə həmçinin xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamlarına ehtiram göstərərək siyasi ənənələri də ehtiva edir. Bu, Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olmasını bir daha vurğulayır.

2022-ci ilin 15 iyun tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə keçirilən beynəlxalq konfrans Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərinin Qafqaz və region üçün sülh və sabitlik mənbəyi olduğunu bir daha təsdiqlədi. Bu bəyannamə gələcəkdə də ölkələrimiz arasında daha dərin əməkdaşlığa və ortaq uğurlara yol açacaqdır.