YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Müasir dövrümüzün qürur salnaməsi”

Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur salnaməsi” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ümummilli Liderin xatirəsinə ehtiram ifadə ediblər.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Hacıqabul rayon Uşaq Musiqi Məktəbinin müəllimi Vüsalə Səfərova və Navahı qəsəbə 2 saylı tam orta məktəbin direktoru Zaur Qasımov bildiriblər ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən əlamətdar və möhtəşəm hadisələrindən biridir. Qətiyyətlə demək olar ki, Milli Qurtuluş Günü müasir dövrümüzün qürur salnaməsidir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, dərin ictimai-siyasi və iqtisadi böhran aradan qaldırıldı, ölkəmiz inkişaf yoluna çıxdı. Məhz bu tarixin 1997-ci ildə Milli Məclis tərəfindən Milli Qurtuluş Günü elan olunması haqqında qərar qəbul edilib.

Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən illər ərzində daha da güclənib, dünyada nüfuzlu dövlətə çevrilib: “2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi. Bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Təbii ki, bu Zəfərdə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı. Beləliklə, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib.

Tədbirin sonunda bir qrup partiya fəalına YAP Hacıqabul rayon təşkilatı tərəfindən fəxri fərman təqdim olunub.