YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Avropa Paytaxt Polis Rəislərinin növbəti 37-ci konfransı öz işinə başlayıb

Avqustun 28-də Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Avropa Paytaxt Polis Rəislərinin növbəti 37-ci konfransı öz işinə başlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, 25 ölkədən 70-ə yaxın nümayəndənin qatıldığı konfransda Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iştirak ediblər.

Ramil Usubov konfrans iştirakçılarına polisin təyinatı, Daxili İşlər Nazirliyinin strukturu, funksiya və vəzifələri, ölkəmizdəki kriminogen durum barədə ətraflı məlumat verib.

Çıxışının sonunda general-polkovnik Ramil Usubov Avropa Paytaxt Polis Rəislərinin 37-ci Konfransında aparılacaq müzakirələrin əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəyinə, iştirakçılara öz həmkarlarının təcrübəsindən faydalanmaq imkanı, bütövlükdə, cinayətkarlığa qarşı mübarizəyə layiqli töhfələr verəcəyinə əmin olduğunu bildirib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tədbir iştirakçılarını salamlayaraq şərq və qərb sivilizasiyalarını, tarixiliyi və müasirliyi özündə əks etdirən qədim paytaxtımız haqqında qısa məlumat verib.

Avqustun 30-dək davam edəcək konfransda cinayətkarlıqla mübarizənin bir sıra prioritet istiqamətləri, o cümlədən şəxsiyyət və mülkiyyət əleyhinə olan cinayətlər, həmçinin, meqapolislərin təhlükəsizliyi mövzularında ayrı-ayrı dövlətlərin nümayəndələrinin çıxışları dinləniləcək, maraqlı müzakirələr aparılacaq.

Avropa Paytaxt Polis Rəislərinin 37-ci konfransının sonunda birgə bəyannamə qəbul olunacaq.