YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Nyu-Həmpşir ştatının nümayəndə heyəti Milli Məclisdə olub

Avqustun 27-də ABŞ-ın Nyu-Həmpşir ştatının nümayəndə heyəti Milli Məclisdə olub.

Görüşdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkələrimiz arasında yüksək səviyyədə olan ikitərəfli münasibətlərdən söz açıb, Azərbaycanda gedən davamlı inkişaf prosesləri, regionda reallaşdırdığı irimiqyaslı layihələr barədə məlumat verib. Bildirilib ki, Azərbaycan ilə ABŞ arasında münasibətlər daim inkişaf edir. Hər iki ölkə əlaqələrin genişləndirilməsində maraqlıdır. Azərbaycan ilə ABŞ bir çox istiqamətlərdə, xüsusilə də enerji məsələlərində və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlıq edir. Diqqətə çatdırılıb ki, Cənubi Qafqazda aparıcı rola malik olan Azərbaycan dünyada tolerantlığı ilə tanınır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə qonaqlara məlumat verilib. Ölkəmizin ərazisinin 20 faizinin hələ də işğal altında qaldığı, bir milyondan çox qaçqın və məcburi köçkünün olduğu diqqətə çatdırılıb.

ABŞ-ın Nyu-Həmpşir ştatının nümayəndə heyətinin üzvləri Azərbaycanda səfərdə olmaqdan məmnunluqlarını bildirib və hazırda ölkəmizdə böyük inkişaf proseslərinin getdiyini söyləyərək respublikamızın tarixi, hazırkı inkişafı haqqında kifayət qədər məlumat əldə etdiklərini deyiblər. Qonaqlar Bakının müasir görkəminə heyran qaldıqlarını vurğulayaraq bildiriblər ki, Azərbaycan çox əlverişli coğrafi mövqedə yerləşir və ölkənin böyük iqtisadi potensialı var. Nümayəndə heyətinin üzvləri belə görüşlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verəcəyini söyləyiblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.