Xəbərlər
Şuşa bizim əyilməz ruhumuzun rəmzidir
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı keçilən yol barədə aydın təsəvvür yaradır, Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsində zəngin mənbədir. Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə Füzuli və Laçın rayonlarına, Şuşa şəhərinə səfər edən dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdilər və bura köçmüş ilk sakinlərlə görüşdülər. Cənab İlham Əliyevin görüşdəki çıxışı 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarının aydın mənzərəsini təqdim etdi.
Tarixi Zəfərə imza atmaq, torpaqlarımızı işğaldan azad edib ərazi bütövlüyümüzü bərpa etmək üçün hazırlaşdıq, ölkəmizi, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaratdıq. Ən önəmlisi bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəsil yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdi. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə onlara, Silahlı Qüvvələrimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq. Şuşa sakinləri ilə görüşündə “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər. Onların arxasında duran havadarları - böyük dövlətlər bu əminliyi daha da gücləndirmişdilər. Ancaq biz əmin idik, bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq.
Prezident İlham Əliyevin çıxışlarında daim bu məqam xüsusi qeyd edilir ki, bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu. Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi. Biz də gəlməli idik və gəlmişik.
Milli ruhunu qoruyub saxlayan, təbiətin şah əsəri olan, təkcə Şuşanı özünə məskən seçən xarı bülbül artıq yaxınları üçün qəribsəmir. İndi Şuşa yeni günlərini yaşayır. Tarixi Zəfərimizdən ötən üç ilə yaxın dövrdə Şuşanın hər günü qonaqlıdır. Qarabağın tacı iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Müxtəlif mövzularda beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir, bu məkandan dünyaya sülh, əməkdaşlıq mesajları ünvanlanır.
Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqı birliyi və həmrəyliyi ilə istəyinə nail oldu. Xalqımız bir amal, müqəddəs ideya uğrunda birləşdi. Şuşada Cıdır düzündə Novruz tonqalları alovlandırılır, “Xarıbülbül” musiqi festivalı ənənəsi bərpa edilərək bu məkandan muğamımızın səsi dünyaya yayılır.
Qeyd etdiyimiz kimi, bu gün Şuşa yeni dövrünü yaşayır. Cənab İlham Əliyev sözügedən çıxışında mədəniyyət paytaxtımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən geniş bəhs etdi. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq - Şuşanın ənənəvi üslubunda inşa edilir. Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir. Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 11-də Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində iştirak etdilər. Cənab İlham Əliyev çıxışında bildirdi ki, Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək. Bu mühüm məqam da xüsusi vurğulandı ki, builki “Xarıbülbül” festivalı Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına həsr edilib. Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq.