YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Qyonqcu İpək Yolu mədəniyyət festivalında iştirak edir

Koreya Respublikasının Qyonqsanbuk əyalətində Qyoncu İpək Yolu mədəniyyət festivalı işə başlayıb.

Qədim İpək Yolu üzərindəki ölkələr arasında tarixən mövcud olmuş mədəni əlaqələri günümüzdə yenidən qurmaq, inkişaf etdirmək, habelə mədəniyyət mübadiləsi ilə dünyada sülh prosesinə töhfə vermək məqsədi daşıyan festival rəngarəng proqramı ilə maraq doğurur. Proqrama müxtəlif mədəni tədbirlər, o cümlədən, konsertlər, sərgilər, təqdimatlar, tamaşalar daxildir.

BMT-nin ixtisaslaşmış qurumu olan Dünya Turizm Təşkilatının dəstəyi ilə keçirilən və Koreyanın qədim mədəniyyət mərkəzlərindən olan Qyonqcu şəhərindəki Dünya Mədəniyyət Parkında təşkil olunan festivalda 30-dən çox ölkə, o cümlədən Azərbaycan təmsil olunur.

Festivalın açılış mərasimində qonaqları salamlayan Koreya Respublikasının Baş naziri Hvanq Kyo-ahn bu cür tədbirlərin xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdırmaq baxımından əhəmiyyətini vurğulayıb. Müxtəlif mədəniyyətləri, adət-ənənələri təmsil edən insanların mədəniyyət mübadiləsi xalqlar arasında yeni əməkdaşlıq imkanlarını ortaya çıxarmağa kömək edəcək. Dünyada müharibələrin, zorakılıq hallarının çoxaldığı bir vaxtda bu cür mədəni tədbirlərə daha böyük ehtiyac olduğunu vurğulayan Koreyanın Baş naziri, ölkəsinin gələcəkdə də belə təşəbbüslərə dəstək verəcəyini bildirib.

Sonra açılış mərasimi maraqlı konsert proqramı ilə davam edib.

Azərbaycan bu festivalda Dövlət Rəqs və Qədim Musiqi Alətləri ansambllarının üzvlərindən, pianoçu və solistlərdən, saz ifaçılarından ibarət böyük bir heyətlə iştirak edir. Açılış konsertinin maraqlı məqamlarından biri kombinasiyalı kompozisiyalar olub. Koreyalı və azərbaycanlı rəqqasların birgə çıxışları mərasimə toplaşanlarda böyük maraq doğurub. Birgə məşq üçün kifayət qədər vaxtın olmamasına baxmayaraq rəqqaslar Azərbaycan və Koreya rəqslərini yüksək səviyyədə ifa ediblər.

Qeyd edək ki, incəsənət ustalarımızın festivalda iştirakı Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Seuldakı səfirliyinin dəstəyi ilə baş tutub.

Son illər milli mədəniyyətimizin xaricdə təbliği və tanıdılması istiqamətində aparılan işlər öz bəhrəsini verməkdədir. Bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük əməyi vardır. Məhz Mehriban xanımın təşəbbüsü və himayəsi ilə ölkəmizdə və xaricdə keçirilən mədəniyyət günləri, konsertlər, sərgilər, təqdimatlar Azərbaycanın müsbət imicinin formalaşmasına, qədim və zəngin mədəniyyət mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarıb.

Sivilizasiyalar və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin həmişə sülh, əmin-amanlıq, tolerantlıq şəraitində birgə yaşadığı məkan olub. Müasir Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun təbliğinə çox böyük töhfə verir. Bu əhəmiyyətli prosesi təmin etmək məqsədilə ölkəmiz bir çox layihələrin təşəbbüskarı olub. Azərbaycan Beynəlxalq Humanitar Forum, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Zirvə Görüşü kimi yüksək səviyyəli tədbirləri təşkil edib, Bakıda ilk Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.

Azərbaycan mədəniyyətinin Koreyada tanıdılması işinə böyük töhfələr verən Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası yarandığı gündən bir sıra mədəni, elmi, tibbi, xeyriyyə, təhsil və başqa layihələr reallaşdırıb. Həmin layihələr Azərbaycanda Koreya mədəniyyətini təqdim etmək, eyni zamanda Koreyada Azərbaycan mədəniyyətinin təbliği məqsədilə keçirilib.

Festival çərçivəsində təşkil edilən “Böyük bazar” yarmarkasında iştirakçı ölkələr milli pavilyonlarını hazırlayıblar. Azərbaycan pavilyonunda milli suvenirlər, ölkəmizin və onun paytaxtının rəmzləri olan hədiyyələr, milli geyim nümunələri, musiqi alətləri, əl işləri, çay dəstləri, habelə ölkəmizdə istehsal olunan qida məhsulları, o cümlədən meyvə şirələri, müxtəlif içkilər, mürəbbələr, şirniyyatlar nümayiş olunur. Koreyalılar və festival iştirakçıları milli pavilyonumuza böyük maraq göstərirlər.

Bundan başqa, festival çərçivəsində “Azərbaycan günü” adlı konsert təşkil olunacaq, habelə incəsənət ustalarımız bir həftə ərzində hər gün iki dəfə mədəniyyət proqramı ilə çıxış edəcəklər.