YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ və Şərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışı və bu hədəfə yüksək səviyyədə nail olmaq üçün son 20 ildən artıq dövrdə atılan addımlar bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Regionların inkişafı qarşıya əsas vəzifə kimi qoyuldu. Cənab İlham Əliyevin təsdiqlədiyi və uğurla icra edilən Dövlət Proqramları Azərbaycana böyük uğurlar qazandırıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. Bu gün bölgələrimiz arasında sağlam rəqabət davamlı inkişafı şərtləndirir. Son 20 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirsək iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının müsbət nəticələrini görərik. Belə ki, ölkə iqtisadiyyatı 3,4 dəfə  artıb. Dövlət büdcəsinin gəlirləri 2023-cü ildə 30 milyard manatdan çox olub. Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 41 dəfə artıb. Son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artıb. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılıb.

Cənab İlham Əliyevin aqrar sahədə sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi bir sıra qərarlar, imzaladığı sənədlər nəticəsində bu gün ölkəmizin istehsalı olan məhsullar “Made in Azerbaijan” brendi adı altında  dünyanın yüzlərlə dövlətinə ixrac edilir. İstehsal olunan məhsulların böyük əksəriyyəti kənd təsərrüfatı və emal sənayesinin payına düşür ki, bu da aqrar sahənin, qeyri-neft sektorunun dinamik yüksəlişini nümayiş etdirir. O da məlumdur ki, son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı əsas hədəflər sırasındadır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi yönümündə uğurlu addımlar atılır.

 İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar məlumdur. Həm ənənəvi kənd təsərrüfatı sahələrinin, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar mövcuddur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar, məhsuldar torpaq sahələrinin həcmi nəzərə alınmaqla, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafına nail olmaqdır.  Füzuli, Cəbrayıl və Zəngilan  rayonları  işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayonlar idi. Eyni zamanda, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. Bu torpaqların məhsuldarlığının bərpa edilməsi ölkəmizin  ərzaq təhlükəsizliyinin təminatına böyük  töhfə verəcək. Onu da qeyd edək ki,  Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür. Su ehtiyatlarımız təxminən yarıya qədəri həmin ərazilərdədir. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenilənməsi, kənd təsərrüfatı və sənaye müəssisələrinin bərpası  yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. 

Dövlət başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bu məqamlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz öz su mənbələrimizə tam sahib olmuşuq.  Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var.

“Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir” söyləyən dövlət başçısı İlham Əliyev böyük qürur hissi ilə qeyd etdi ki,  Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur: “Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir.”    

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında  quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Doğma yurd-yuvalarına qayıdan soydaşlarımız bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Ölkə Prezidentinin vurğuladığı kimi,  Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi üçün böyük imkanlar yaranır. Qarabağımız və  Şərqi Zəngəzurumuz tezliklə böyük investisiyalar məkanına çevriləcək.