YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan güclü dövlətdir

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin çıxışlarında bu məqam xüsusi qeyd edilir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər neftin Azərbaycana xoşbəxtlik deyil, problem gətirəcəyini deyirdilər. Ancaq biz bu təbii sərvətimizidən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurumuşuq və müstəqil ölkə kimi yaşayırıq.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev bu çağırışı etmişdir ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurları bu gün də Azərbaycanın hərtərəfli inkişafında özünün aydın ifadəsini tapır. Məhz neft siyasətinin məntiqi davamı olaraq 2003-cü ildə cənab İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirməliyik!” tezisini irəli sürdü. Artıq son 20 ildən artıq dövr neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafı ilə də diqqətdədir. Regionların dayanıqlı inkişafı təmin edilir, özünüməşğulluq proqramının uğurlu icrası nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilir. Hədəfə çatmaq üçün qeyri-neft sənayesi və kənd təsərrüfatı inkişaf etdirilir. Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi son illərin əsas prioritetləri sırasındadır. Bu hədəf regionların ixtisaslaşdırılmasına, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına dair Dövlət Proqramlarının təsdiqlənməsinə və uğurlu icrasına yol açdı. Üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, dövlət dəstəyi artırılır, aqroparklar yaradılır. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Güclü iqtisadiyyat yaradılır, sosial məsələlərin həlli istiqamətində addımlar atılır.  Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyulması mərasimində qeyd edilən istiqamətlər üzrə atılan addımlardan və onların uğurlu nəticələrindən bəhs etdi.

Ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdur.  Dövlət başçısı İlham Əliyev Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və effektiv şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə Şirvan suvarma kanalının  yenidən qurulması məqsədilə Sərəncam imzaladı və aprelin 16-da sözügedən kanalın təməli qoyuldu. Cənab İlham Əliyev təməlqoyma mərasimindəki çıxışında bildirdi ki, bu, çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır.

Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilib. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırıb.  Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Taxtakörpü-Ceyranbatan suvarma kanalını xüsusi qeyd etməliyik. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsidir.  Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılıb.

Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaq. Belə bir əminlik ifadə edildi ki, yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə bu yeni kanalın əhəmiyyətini hər kəs görəcək.

Təbii ki, bu əminliyə əsas verən əsas faktor Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa çatdırması üçün imkanlara malik olması, eyni zamanda, icra edilən layihələrin ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr verməsidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan güclü dövlətdir, öz gücünə, imkanlarına arxalanır.

DİGƏR Xəbərlər Arxiv