YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflərin gerçəkləşməsinə nail olduq

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Azərbaycan tarixi Zəfərimizdən sonra yeni dövrə qədəm qoydu. Şanlı Qələbəmizin yaratdığı yeni reallıqlar Yeni Azərbaycan Partiyasının da həyatında yeniliklərə yol açdı. Belə ki, bu reallıqlar partiyanın VII qurultayının keçirilməsini bir zərurətə çevirdi.

Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdə keçirilən VII qurultayındakı proqram xarakterli çıxışında bu mühüm məqamı belə xarakterizə etmişdir: “Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi… İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.”

1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılması, bundan 7 ay sonra partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bugünkü reallıqlarımızın başlanğıcı oldu. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları yaddaşlardadır. Cənab İlham Əliyev sözügedən çıxışında bu çağırışı etmişdir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil  nəyin bahasına  müstəqilliyi qoruyub saxladığımızı, kimə borclu olduğumuzu bilməlidir. Əgər Ulu Öndər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə yaratdığı möhkəm təməl sonrakı illərdə ölkəmizin daha möhtəşəm uğurlar qazanmasını şərtləndirdi. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi.

Yeni Azərbaycan Partiyasının VII qurultayında Azərbaycanın müstəqiliyinin bərpasından ötən dövrü əsaslı şəkildə təhlil edən cənab İlham Əliyev  bildirdi ki, milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur. 1993-cü ilin oktyabr ayında Ümummilli Lider Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident  seçildi və ölkənin böhrandan çıxma prosesi başladı.  Prezident İlham Əliyev belə bir çağırışı da səsləndirdi ki, ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun.

Reallıq budur ki, Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi mühitin  sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır.

Bir daha qeyd edilmişdir ki, böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. YAP, nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Qırx dörd günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar əsasında   VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarlar bundan sonrakı inkişafının əsasıdır. Partiya  “Yeni müstəqil Azərbaycan uğrunda” devizi əsasında təsdiq olunan Proqramında əksini tapan bütün hədəflərin gerçəkləşməsinə nail oldu. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin daimiliyi təmin edildi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamlı addımlar atıldı və Azərbaycan demokratik ölkə kimi nüfuz qazandı, davamlı iqtisadi inkişafın möhkəm təməli yaradıldı, müstəqilliyimizin, suverenliyimizin qarantı olan güclü Ordu formalaşdı, ölkəmiz beynəlxalq təcriddən xilas oldu. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin bu illər ərzində gördüyü işlərin əsasında torpaqlarımızın işğaldan azad edilməsi amalı  dayandı ki, buna da nail olduq. Bu gün Azərbaycan yalnız tarixi Zəfəri ilə deyil, onun yaratdığı reallıqların həyata keçirilməsi ilə qürur duyur. Üç ildən çoxdur ki, işğaldan azad edilmiş torpaqlarımız quruculuq mərhələsini yaşayır. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin sonunda təsdiqlənən, “Biz birlikdə güclüyük!” devizini özündə ehtiva edən yeni Proqramında qarşıdakı dövrün əsas hədəfləri öz əkini tapıb. Yeni Proqram 5 fəsildən və ümumilikdə 29 müddəadan ibarətdir.  Dövlət başçısı, YAP Sədri cənab İlham Əliyev partiyanın VII qurultayında belə bir əminliyi də ifadə etmişdir ki, partiya bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Son üç ilin reallıqları hər birimizi daha da qürurlandırır. Dövlətimizin tarixi ədalətə, beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi.  Ölkəmizin həyatında yeni dövr başladı. Bu dövr, eyni zamanda, növbədənkənar prezident seçkilərinin keçirilməsini bir zərurətə çevrildi. 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin qələbəsi Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi bu inamı və etimadı yada salmağa çağırış oldu: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”