YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birliyimiz, həmrəyliyimiz hədəflərin reallığa çevrilməsində əsasdır

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının inkişafında yeni mərhələnin başlanğıcı olan və 5 mart 2021-ci il tarixdə keçirilən VII qurultayından ötən üç il həm ölkəmizin, həm də partiyanın həyatında möhtəşəm uğurlarla yadda qalıb. Partiyanın VII qurultayı 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin yaratdığı yeni reallıqlara söykənərək keçirildi. Cənab İlham Əliyev VII qurultaydakı çıxışında bildirmişdir: “Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi… Bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.”

Dövlət başçısı bu mühüm məqamı da əsaslı şəkildə qeyd etmişdir ki, bütün işləri ardıcıllıqla edirik. Azərbaycanın keçdiyi inkişaf yolunu təhlil edərkən bu reallıq daha aydın şəkildə görünür ki, qarşıya hədəflər qoyulur, hədəflər düzgün müəyyən edilir, biz bu hədəflərə çatır və ondan sonra qarşımıza yeni hədəfləri qoyuruq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik.

Yeni Azərbaycan Partiyasının 1999-cu ildən etibarən keçirilən hər bir qurultayı həmin dövrün reallıqlarına söykənərək qəbul etdiyi qərarları ilə diqqətdə olur. Bu qərarlar həm ölkəmizin, həm də Yenin Azərbaycan Partiyasının gələcək inkişafında yol xəritəsidir. Bu baxımdan VII qurultay da yeni qərarların qəbulu, yeni strukturun formalaşması, dövlət başçısı İlham Əliyevin müasir dövrün çağırışlarını özündə əks etdirən yeni Proqramın hazırlanması ilə bağlı tapşırığı və sair kimi biri-birindən mühüm məqamları ilə bugünkü imkişafımızda əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq hazırlanan yeni Proqram 2021-ci ilin sonunda təsdiqləndi. “Biz birlikdə güclüyük!” devizi altında təsdiqlənən yeni  Proqram  beş fəsildən və 29 müddəadan ibarətdir. Burada “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər və  Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı, Peşəkarlıq, İşgüzar münasibətlər, Şəxsi inkişaf, Sağlam rəqabət, Etik davranış və milli dəyərlər, İnnovativ inkişaf və kreativlik, Elmilik, Müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi müddəalar öz əksini tapıb.

YAP-ın VII qurultayından keçən dövr ərzində partiyanın strukturunun yenilənməsi, hüquqi bazanın yaradılması, əmək haqlarının artırılması, uçot sisteminin təkmilləşdirilməsi, kadr siyasətində mövcud olan boşluqların və üzvlük haqlarının yığılmasında müşahidə olunan pərakəndəliyin aradan qaldırılması, maliyyə dayanıqlılığının təmin olunması, ideoloji işin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi prioritet məsələlər kimi müəyyən olunmuş, bu sahədə problemlərin həlli və müvafiq vəzifələrin yerinə yetirilməsi üçün müvafiq islahatlar həyata keçirilmişdir. YAP-ın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə mühüm işlər görülmüşdür.

Yeni Azərbaycan Partiyası tutduğu yola sadiqliyi, sözlə əməl birliyi sayəsində  xalqın  etimadını qazanıb. YAP-ın qələbələr partiyası kimi tanınmasında da bu amil əsas rol oynayır.  Partiyanın irəli sürdüyü hər bir təşəbbüsün, qəbul etdiyi hər bir qərarın təməlində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi, xalqımızın daha yüksək rifah şəraitində yaşaması dayanır. “Yeni, müstəqil Azərbaycan uğrunda” devizi ilə yola çıxan Yeni Azərbaycan Partiyasının illər keçdikcə hər bir seçki prosesinə həmin dövrün reallıqlarına uyğun olaraq yeni şüarlarla qatılması  onun məqsəd və məramının açıqlanmasında əhəmiyyətli rol oynayır. 2024-cü il ölkəmizin həyatında mühüm hadisə ilə yadda qalacaq. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması növbədənkənar prezident seçkilərinin keçirilməsini bir zərurətə çevirdi. Belə ki, 7 fevral tarixində keçirilən prezident seçkiləri tariximizə Zəfər seçkiləri kimi yazıldı. Bütün ölkə ərazini əhatə edən bu seçkilər mühüm məqamları ilə hər birimizi qürurlandırdı. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verdi. Bu addım özündə bütün məqamları ehtiva etdi. Bu torpaqların sahibi bizik və burada əbədi olacağıq.  YAP 7 fevral prezident seçkilərinə “Qalib xalqın qalib Lideri” şüarı ilə qatılaraq gələcəyə doğru yolun hədəflərini açıqladı. Yeni çağırışlar və reallıqlar YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Birliyimiz, həmrəyliyimiz sayəsində bu hədəflərə də yüksək səviyyədə nail olacağıq.