YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır

Ziyafət Əsgərov

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri

Yeni Azərbaycan Partiyası 1992-ci il 21 noyabr tarixində Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Partiyanın yaranma tarixinə diqqət etsək görərik ki, bu həm də Azərbaycanın müstəqilliyini bərpa etməsi tarixi ilə üst-üstə düşür.  Həmin dövrdə Azərbaycanda mövcud olmuş siyasi-ictimai vəziyyət hamımıza yaxşı bəllidir. Yenicə bərpa etdiyimiz müstəqilliyimiz, dövlət olaraq bütövlüyümüz, millət və xalq olaraq varlığımız böyük təhlükə qarşısında idi. Ərazi bütövlüyümüz pozulmuşdu, Azərbaycan iqtisadi cəhətdən olduqca ağır vəziyyətdə idi, hərbi müxalifət baş qaldırmışdı, AXC-Müsavat iqtidarının səriştəsizliyi və hakimiyyət uğrunda apardıqları çəkişmələr mövcud ağır vəziyyəti daha da çıxalmaz hala salmışdı. Həmin xaos və siyasi hərci-mərclik yaddaşımızdan heç vaxt silinməyəcək. Məhz belə çətin günlərdə vətənsevər ziyalılarımızın təşəbbüsü Yeni Azərbaycan Partiyasının yaradılmasının başlanğıcını qoymuşdur. Azərbaycanın görkəmli ziyalıları, nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə yeni partiyanın yaradılması və Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi  xahiş olunurdu. Beləcə, Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən təşəbbüs qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və sonda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin  yekdilliklə partiyanın sədri seçilməsi qərara alındı.

Əslində müstəqilliyimizin ilk illərində yaşadığımız hərci-mərclik dövlətimiz və millətimiz üçün nə qədər çətin və təhlükəli olsa da,  bizə xalq olaraq xilas yolunu öyrətdi. Xalq anladı ki, sözün əsl mənasında müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindi, müstəqil və güclü dövlətə sahib olmaq üçün güclü lider lazımdır. Biz xoşbəxt xalqıq ki, məhz lazımi anda güclü lider  - Heydər Əliyev kimi dahi şəxsiyyət xalqın yanında oldu. Xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından  sonra bütün bu xaosa, ölkəni tənəzzülə aparan hərc-mərcliyə son qoyuldu, Azərbaycan sözün əsl mənasında müstəqil dövlətə çevrildi. Həmin andan bu günə kimi Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var.

Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır, “dünənin, bu günün və sabahın partiyası”dır. Yeni Azərbaycan Partiyasının böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP artıq ölkəmizin deyil, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.

Heydər Əliyev hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi dönməz və sarsılmaz etdi, Azərbaycan daim inkişaf yolu ilə inamla irəlilədi, onun  sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası isə Azərbaycanın inkişaf yolunda aparıcı siyasi qüvvə rolunu oynadı. Yeni Azərbaycan Partiyası yaranan andan onun  əsas məqsədi Azərbaycan xalqına xidmət etmək, xalqın rifahını qaldırmaq,  Azərbaycanı güclü dövlətə çevirmək idi. YAP-ın yarandığı tarixdən bu günə  ötən 30 ildən artıq müddətdə Partiyanın qurucusu Ulu Öndərin və sonrakı sədri cənab İlham Əliyevin misilsiz xidmətləri olmuşdur.   

Yarandığı andan bu günə qədər Yeni Azərbaycan Partiyası hər bir qurultayı Azərbaycanın siyasi həyatında mühüm hadisə olmuşdur. 2005-ci il 26 mart tarixində keçirilmiş YAP-ın III qurultayı  xüsusi yer tutur. Məhz həmin vaxt Partiyanın yeni sədri cənab İlham Əliyev seçilmişdir. Bu mənada 5 mart 2021-ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının son- VII Qurultayının rolu da xüsusi qeyd edilməlidir. VII Qurultayda partiyamızın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilmiş və YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnamənin təsdiq edilməsi yol xəritəsi kimi partiyamızın gələcək fəaliyyətinin istiqamətlərini dəqiqləşdirməkdə olduqca vacibdir.

Ümumiyyətlə, YAP-ın VII Qurultayında qəbul olunmuş vacib qərarlar partiyanın fəaliyyətində müsbət mənada böyüş dəyişikliklərə səbəb olmuşdur. VII Qurultay zamanı Partiyadaxili struktur islahatları həyata keçirilmiş və bir çox mühüm təşkilati məsələlər həll edilmişdir. Bu islahatların əksəriyyəti ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət etmişdir.

Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ən çox üzvə sahib siyasi qüvvə kimi ölkədə həmrəylik mühitinin bərqərar olunmasına sağlam dialoqun formalaşdırılmasına hər zaman böyük töhfə verib. VII Qurultay zamanı  ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması barədə müraciətlərinin müsbət həllini tapması ölkədə hökm sürən bu dialoq mühitinin nəticəsi idi. Yeni Azərbaycan Partiyası həm də iqtidar partiyası kimi,  iqtidar-müxalifət dialoqunun hüquq bərabərliyi şəraitində səmərəli qurulmasına xidmət edir.  2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.

YAP-ın VII qurultayından keçən dövr ərzində Partiyanın strukturunun yenilənməsi, təkmilləşdirilmiş hüquqi bazanın yaradılması, kadr siyasətinin yenilənməsi, maliyyə dayanıqlılığının təmin olunması, ideoloji işin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi böyük uğurla həyata keçirilmişdir.

Beynəlxalq əlaəqlərin genişləndirilməsini qeyd edərkən, Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq və dostluğu xüsusi qeyd etməliyik. 2021-ci il iyunun 2-də YAP və AKP arasında arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması əlaqələrimizi daha da möhkəmləndirmişdir.

Şübhəsiz ki, YAP-ın VII qurultayının ən əlamətdar cəhəti bu Qurultayın Vətən Müharibəsində qalib gəlmiş və torpaqlarını düşmən işğalından azad etmiş vətənimizdə baş tutması olmuşdur. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev  də VII qurultayda giriş nitqinə məhz Vətən müharibəsində qazanılan Zəfər barədə fikir bildirməklə başlamışdı. 44 günlük Vətən müharibəsinin ildönümləri, Anım və Zəfər günləri respublikamızın hər yerində böyük təntənə ilə qeyd edildiyi kimi Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının da bu işdə öz təşkilatçılığı ilə böyük əməyi olmuşdur. YAP-ın mərkəzi və regional şöbələrində daim şəhid ailələri və müharibə veteranları ilə görüşlər keçirilmiş, sosial problemlərinin həllinə köməklik göstərilmişdir. O, cümlədən qardaş Türkiyədə ötən il baş vermiş dəhşətli zəlzələ zamanı Partiyamız qardaş ölkəyə böyük dəstək olmuşdur.

Sonda qeyd edim ki, YAP yaradılarkən əsas məqsəd və vəzifə müstəqil, suveren,  güclü və qüdrətli Azərbaycan yaratmaq idi. Artıq əminliklə deyə bilərik ki, bu məqsədə  nail olmuşuq. Qarşıda isə yeni vəzifələr durur.

DİGƏR Xəbərlər Arxiv