YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatının təsis edilməsinin 31 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaranmasının 31-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının 31 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev əvvəlcə prezident seçkilərində cənab İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, 7 fevral tarixində Yasamal rayonu üzrə seçki dairələrində yüksək seçici fəallığının olduğunu diqqət çatdırıb.

Daha sonra Bəxtiyar Nəbiyev rayon təşkilatının təsis olunmasından, ötən 31 illik fəaliyyətindən, partiyanın qurucusu Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən bəhs edib.

AMEA-nın prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli, partiyanın Veteranlar Şurasının üzvü, "91-lər"dən Şahlar Əsgərov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxışlarında bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında mühüm rola malikdir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilib. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Partiyanın keçdiyi 31 illik şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyib. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın mənafeyi naminə səy göstərir.

Sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, diplomlar, YAP sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.