YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın xarici siyasətinin qlobal xarakter daşıdığını təsdiqlədi

Fevralın 16-da Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyanın Münxen şəhərinə səfərə gedən dövlət başçısı İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlər bu gün Azərbaycan və dünya mətbuatında geniş müzakirə edilir. Bu görüşlər bir daha Azərbaycanın, onun Prezidentinin beynəlxalq aləmdə nüfuzuna, söz sahibliyinə işıq salmaqla yanaşı, onu da təsdiqlədi ki, ölkəmizin hər bir təşəbbüsü beynəlxalq dəstək qazanır.

Cənab İlham Əliyevin prezident seçkilərindən sonra reallaşdırdığı səfər zamanı keçirdiyi görüşlərdə ona ünvanlanan təbriklərdə əməkdaşlıq əlaqələrinin bundan sonra da dərinləşməsi, yeni prioritetlər üzrə inkişaf etdirilməsi ilə bağlı arzular ifadə edildi, tərəflərin bunu gerçəkləşdirmələri üçün böyük potensiala malik olduqları xüsusi qeyd edildi. Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlərdə ölkəmizin malik olduğu imkanların təqdimatı üçün geniş imkanlar yarandı. Hər bir görüşdə Azərbaycanın bu ilin dekabr ayında ev sahibliyi edəcəyi COP29 mötəbər beynəlxalq tədbiri əsas müzakirə mövzularından biri oldu. Bu tədbirin timsalında Azərbaycana inamın, etimadın, dövlət başçısı İlham Əliyevin irəli sürdüyü hər bir təşəbbüsün, qəbul etdiyi qərarın beynəlxalq əməkdaşlığa böyük töhfə olduğu xüsusi qeyd edildi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

O qeyd edib: “Reallıq budur ki, bu gün güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində də bəyan etdi ki, bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq. Bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir”.

V.Rəhimzadə vurğulayıb ki, İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atan Azərbaycan bu Qələbəsi ilə yeni reallıqlar yaradıb. Bu reallıqlar isə öz növbəsində regionda və dünya siyasətində yeniliklərə yol açd.b Yeni əməkdaşlıq formatlarının müəllifi kimi Azərbaycana artan maraq diqqətdən kənarda qalmır. Bu, özünü Münxen Təhlükəsizlik Konfrası çərçivəsində keçirilən görüşlərdə bir daha təsdiqlədi.

Qeyd olunub ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə yönələn addımların miqyası genişliyi ilə diqqətdədir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlər əməkdaşlığın coğrafiyasının nə qədər geniş olduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olmasını nümayiş etdirir. Qalib Azərbaycan bundan sonra da xarici siyasət uğurları ilə dünyanın diqqətində olacaq. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana etimad böyükdür. Təbii ki, bu uğurlarımızda dövlətimizin başçısı İlham Əliyevin şəxsi nüfuzu əhəmiyyətli rol oynayır. Azərbaycan Prezidentinin yürütdüyü siyasətə dəstək onun qatıldığı tədbirlərin sayından da aydın görünür. Münxen Təhlükəsizlik Konfransında dövlətimizin başçısının keçirdiyi görüşlər bir daha göstərir ki, Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıyır.

Münxen Təhlükəsizlik Konfransı dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu tədqiqat, elm mərkəzlərinin rəhbərlərinin, tanınmış ekspertlərin toplaşdığı ən mühüm platformalardan biridir. Azərbaycan müntəzəm şəkildə bu platformaya Prezident İlham Əliyevin şəxsində dəvət alır, o, müzakirələrdə fəal iştirak edir, qlobal və regional təhlükəsizlik məsələləri ilə bağlı dəyərli fikirlərini bölüşür. Artıq 20 ildən çoxdur keçirilən Münxen Təhlükəsizlik Konfransını təhlükəsizlik məsələlərinin müzakirə olunduğu tədbirlər içərisində ən nüfuzlu hesab etmək mümkündür. Tədbirdə bir sıra dövlətlərin başçılarının, nüfuzlu siyasətçilərin, ekspertlərin və şirkət rəhbərlərinin aktual problemlərin həlli ilə bağlı mülahizələri dinlənilir, yekun sənədlər qəbul edilir. Platformanın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, beyin mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahələrində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına növbəti dəfə dəvət alması və qarşı tərəflərin müraciəti əsasında çoxsaylı görüşlər keçirməsi onun dünya miqyasında yüksək nüfuzunun göstəricisidir.

“Dövlətimizin başçısı Azərbaycanın xarici siyasətinin konturlarını fevralın 14-də keçirilən andiçmə mərasimində səsləndirdi: Bu, müstəqil, inamla aparılan və uğurla həyata keçirilən xarici siyasətdir. Azərbaycan ikitərəfli formatda əməkdaşlığın tərəfdarıdır. Xarici siyasətimiz bərabərhüquqlu münasibətlərə, bir-birinə hörmət, xoş münasibət, bir-birinin daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulub. Azərbaycanın xarici siyasəti artıq regionun hüdudlarından kənara çıxan siyasətdir. Azərbaycan artıq dünyada orta güc hesab olunan ölkələr kateqoriyasına daxildir. Göründüyü kimi, Azərbaycanın xarici siyasətinin prinsipləri beynəlxalq aləm tərəfindən dəstəklənir. Ölkəmiz bundan sonra da öz xarici siyasətini bu prinsiplər əsasında quracaq və inkişaf etdirəcək”, - deyə V.Rəhimzadə diqqətə çatdırıb.