Xəbərlər
Elsevər Ağayev: Gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq
«Ölkə başcısının tapşırığının icrası məqsədi ilə Səhiyyə Nazirliyinin də təmsil olunduğu Azərbaycan Respublikası Tarif Şurası 30 iyul 2015-ci il tarixli “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” tarixi sosial qərar ilə 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimlənmişdir. Bu qərarın əsas məqsədi əhalinin dərman alışına çəkdiyi xərclərinin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır. Qərar hər bir vətəndaş, hər bir ailə üçün olduqca böyük əhəmiyyət daşıyır». Bu fikirləri səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
E.Ağayev bildirib ki, ilk növbədə əhalinin maraqlarını əsas tutaraq ölkədə dərman qiymətlərinin tənzimlənməsi üçün ən optimal modelin tətbiqi məqsədi ilə qabaqcıl ölkələrin ən müasir təcrübəsi yerində araşdırılmış Azərbaycan üçün ən uyğun tənzimləmə mexanizmi hazırlanıb. Onun sözlərinə görə, dərmanların qiymətinin təyin olunması məqsədi ilə Tarif Şurasının təsdiq etdiyi təlimata görə müxtəlif ölkələrdə dərman preparatlarının bazis qiymətləri müəyyən edilmiş qayda üzrə seçilir.
«Bu məbləğin üzərinə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalar əsasında müəyyən edilmiş əlavələr edilməklə dərman preparatının qiyməti formalaşdırılır. Hər bir dərman preparatının üzərində Tarif Şurasının müəyyən etdiyi qaydalara müvafiq olaraq əhaliyə satış qiymətinin qeyd olunması nəzərdə tutulub. Yeni satış qiymətləri sentyabr ayının 15-dən qüvvəyə minəcək. Belə ki, hazırlıq işlərinin, o cümlədən əczacılıq subyektləri tərəfindən dərman qutularının üzərində yeni qiymətlərin qeyd olunması, dərman qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılması və digər hazırlıq işləri müəyyən zaman tələb edir. Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən çox, 40%-dən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaq. Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90%-nin qiyməti düşəcəkdir. Beləliklə, Azərbaycanda aptek şəbəkəsinin fəaliyyəti artıq tamamilə yeni müstəviyə keçir ki, bu da əczacılıq müəssisələrinin dərmanların qiyməti ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparmalarına şərait yaradacaq. İlkin mərhələdə bu siyahıya əhali arasında ən çox rast gəlinən xəstəliklərin müalicəsi üçün dərman preparatları daxil edilib. İlin sonuna qədər Tarif Şurası tərəfindən Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq»- deyə, nazir müavini vurğulayıb.