YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Ölkənin maliyyə siyasətində tətbiq olunan önləyici tədbirlərin əhəmiyyəti çox böyükdür

«Ölkəmizin maliyyə siyasətinin formalaşdırılmasında qlobal risklər də nəzərə alınır». Bu fikri Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyasının sədr müavini, partiyanın  Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, bank-maliyyə sektorundakı vəziyyət cəmiyyətdə çox həssaslıqla izlənilir. Onun sözlərinə görə, ölkənin bank-maliyyə sisteminin sabitliyi əhalinin gündəlik həyatı ilə sıx bağlıdır. Buna görə də bank-maliyyə sisteminin sabitliyinin təmin olunmasını şərtləndirən amillər sırasında məsələnin sosial tərəfini xüsusi vurğulamaq lazımdır.

«Məsələnin aktuallığı yalnız onun ciddi sosial məzmun kəsb etməsi və bilavasitə əhalinin gündəlik həyatına bağlı olması ilə məhdudlaşmır. Nəzərə almaq lazımdır ki, bu gün  Azərbaycan qapalı ölkə deyil, respublikamız son illərdə dinamik inkişaf sayəsində dünya iqtisadiyyatına sıx inteqrasiya edib.  Hazırda əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulumuzun təxminən 76 faizini təşkil edir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 12 ildə 7 dəfə artıb. Bütün bunlar ölkənin qlobal iqtisadiyyata açıqlığının göstəricisidir. Ölkəmizin  qlobal iqtisadiyyata açıqlığının, inteqrasiyasının getdikcə daha da dərinləşməsi, öz növbəsində, respublikanın iqtisadi-maliyyə siyasətində qlobal məkanda müşahidə edilən proseslərin diktə etdiyi yeni çağırışların mütləq nəzərə alınması zərurətini gündəmə gətirir. Bu baxımdan cari ilin əvvəlindən bəri ölkənin maliyyə siyasətində tətbiq olunan önləyici tədbirlərin əhəmiyyəti çox böyükdür. Belə ki, yeni məzənnə siyasəti həm iqtisadi inkişafın stimullaşdırılmasında, həm də əhalinin sosial müdafiəsinin təşkilində sağlamlaşdırıcı müsbət rol oynayıb. Həyata keçirilən tədbirlər sayəsində əhalinin mənafeyi baxımından mühüm əhəmiyyət daşıyan mal və xidmətlərin qiymətlərində sabitlik təmin olunub. Hazırda Azərbaycanda inflyasiya aşağı səviyyədədir - 3,5 faiz. Əhalinin pul gəlirləri 6,2 faiz artıb və inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir»- deyə, A.Hüseynov vurğulayıb.

A.Hüseynov son vaxtlar ölkəmizdə qiymətlərin tənzimlənməsi sahəsində görülən tədbirlərin önəminə də diqqət çəkib. "Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dövlət başçısı qiymətlərin tənzimlənməsi ilə bağlı ciddi mesajlar verdi. Həqiqətən də, bir sıra sahələrdə qiymətlərin yüksək səviyyədə qalması narahatlıq yaradır, halbuki, həmin sahələrdə qiymətlərin müəyyən qədər aşağı salınmasına real imkanlar var və bundan istifadə olunmalıdır", - deyə A.Hüseynov fikirlərini yekunlaşdırıb.