YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün hər cür şərait yaradılıb

Bu gün çox fərəhli gündür. Biz Azərbaycan qadınının arzusunu həyata keçirməsinə, səy və zəhmətinin bəhrələrini görə bilməsinə parlaq nümunənin şahidi oluruq. Bu, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün hər cür şəraitin yaradılması nəticəsində mümkün oldu.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Vəfa collection” tikiş emalatxanasının açılış mərasimində deyib. “Dünyanın bir sıra ölkələrində iqtisadi böhranın dərinləşməsinə baxmayaraq, Azərbaycanda yeni iş yerlərinin sayı gündən-günə artır və indiki obyekt də buna bariz nümunədir. Bununla yanaşı, düşünürəm ki, “Vəfa collection” rəhbərinin nümunəsi mülkiyyətçi olmaq istəyən zərif cinsin digər nümayəndələri üçün ilham və motivasiya mənbəyi olacaq”, - deyə Hicran Hüseynova əlavə edib.

Mərasimdə çıxış edən “Vəfa collection”ın rəhbəri Vəfa Muradzadə qeyd edib ki, firma 10 ildir yerli bazardadır və bu illər ərzində yerli istehsala töhfəsini vermək üçün bütün qüvvəsini sərf edib. V.Muradzadə arzusunu həyata keçirməkdə ona kömək edən şəxslərə və təşkilatlara təşəkkürünü bildirib.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, son illər Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində sahibkarlıqla məşğul olan qadınların sayı çoxalıb. Qeyd olunub ki, Azərbaycanda qadın sahibkarlar əsasən yüngül sənayedə, toxuculuq, xalçaçılıq, tətbiqi sənət, xalq yaradıcılığı, elm və təhsil, qida sənayesi, kənd təsərrüfatı, ticarət sahəsində çalışırlar. Sevinc Həsənovanın sözlərinə görə, qadın sahibkarlığının inkişafı yoxsulluğun səviyyəsinin azaldılması, sosial və iqtisadiyyat sahələrində qadınlarının rolunun artması, habelə cəmiyyətdə gender bərabərsizliyinin ləğv olunması məqsədlərinə xidmət edir.

Qeyd edək ki, “Vəfa collection”ın açılış mərasimində, həmçinin Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri iştirak ediblər.