YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Azərbaycan Avropanın klassik musiqi şəbəkəsinin ayrılmaz bir hissəsinə çevrilib

Qəbələ VII Beynəlxalq Musiqi Festivalı ənənəvi şəkildə keçirilən gözəl bir bayrama çevrilib.

Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, festival günlərində Qəbələdə böyük izdiham yaşanır, xüsusi ab-hava hökm sürür. Buraya gələn xarici qonaqlar ölkəmizin sürətli inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti, milli musiqimiz, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar. Qəbələdə bu gözəl təbiət qoynunda istirahət edən yerli və xarici turistlər hər axşam festivalın konsertlərində iştirak edərək dünya musiqi incilərini dinləyirlər. Buranın havası, təbiəti, xidmətləri turistləri valeh edib.

Ə.Qarayev diqqətə çatdırıb ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir: “Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən biri olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb. Festivala təkcə klassik musiqi həvəskarları deyil, həm də Motsartın, Çaykovskinin, Şopenin, Şubertin, Verdinin, Bramsın, eləcə də Ü.Hacıbəylinin, F.Əmirovun gözəl musiqisini simfonik orkestrin ifasında canlı olaraq dinləmək istəyən Qəbələ və ətraf rayonların sadə sakinləri də gəlirlər”.

Festivalda musiqiçilərin çox gözəl və yaddaqalan çıxışlarını xüsusi vurğulayan Ə.Qarayev tədbirin gözlənildiyi kimi yüksək səviyyədə davam etdiyini və böyük marağa səbəb olduğunu bildirib. Qəbələ Musiqi Festivalı neçə illərdir ki, yay mövsümündə regionda keçirilən ən vacib mədəni tədbir hesab olunur. Avropa ölkələrində yay mövsümündə bu cür musiqi festivallarının keçirilməsi ənənəsi illər öncədən mövcuddur. Ölkəmizdə də bu ənənə artıq formalaşdırılıb. Azərbaycan dünyanın tanınmış musiqiçilərinin iştirakı ilə bu tədbiri hər il yüksək səviyyədə keçirməklə Avropanın klassik musiqi şəbəkəsinin ayrılmaz bir hissəsinə çevrilib. Bu festival haqqında hər il Avropanın aparıcı televiziya kanallarında, mətbuat orqanlarında geniş məlumatlar verilir. Ölkəmizdə hələ birinci Avropa Oyunlarının xoş təəssüratlarının yaşandığı, həmin Oyunların hələ də dünya mediasının diqqətində olduğu bir vaxtda Azərbaycan yeni bir mötəbər mədəni tədbirə, musiqi festivalına ev sahibliyi etməyə başlayıb. Avropalılar ölkəmizin idman və mədəniyyət mərkəzinə çevrilməsinin bir daha şahidi olurlar. Bunlar hamısı onu göstərir ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, Heydər Əliyev Fondunun təşəbbüslərinin uğurla icra edilməsi, ölkəmizdə olan sabitlik, əmin-amanlıq və cəmiyyətin inkişafı Azərbaycanda bu cür mötəbər tədbirlərin keçirilməsinə imkan yaradır.

Nazir Ə.Qarayev Azərbaycan musiqiçilərinin təcrübə mübadiləsi baxımından dünyada məşhur musiqiçilərlə birgə konsertlər verməsini festivalın önəmini daha da artırdığını bildirib: “Belə möhtəşəm tədbirlərdə bizim musiqiçilər öz bacarıqlarını nümayiş etdirməklə Avropada keçirilən festivallara dəvətlər alırlar. Artıq Azərbaycanın klassik musiqi ifaçıları Avropada tanınır, qəbul olunur və böyük tədbirlərdə iştirak edirlər”.