YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksis Hillari Frankel: Azərbaycanda yəhudilərə göstərilən xoş münasibət təqdirəlayiqdir

Azərbaycanda səfərdə olan Amerika Yəhudi Komitəsinin (AYK) nümayəndə heyəti ilə iyulun 21-də Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib.

Komitədən bildiriblər ki, görüşdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan-İsrail münasibətlərinin inkişafında təşkilatın rolu, eləcə də Dövlət Komitəsi ilə AYK arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev qonaqlara komitənin fəaliyyəti və dünyadakı yəhudi diasporu ilə sıx əlaqələri haqqında məlumat verib. Azərbaycandakı tolerantlıqdan danışan V. Hacıyev tarixən bu torpaqlarda müxtəlif xalqların və dinlərin nümayəndələrinin, eləcə də yəhudilərin qarşılıqlı anlaşma, hörmət şəraitində yaşadığını qonaqların diqqətinə çatdırıb. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsi barədə AYK üzvlərinə geniş məlumat verərək, münaqişənin həlli məsələsində bəzi dövlətlər tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasətinin davam etdiyini təəssüflə qeyd edib. Bundan başqa, ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı informasiya müharibəsinin aparılmasının, qərəzli bəyanatların verilməsinin, ümumiyyətlə təzyiqlərin gücləndirilməsinin qəbuledilməz olduğunu deyib.

AYK nümayəndə heyətinin rəhbəri, “ACCESS” şirkətinin direktoru Aleksis Hillari Frankel isə öz növbəsində Azərbaycandakı qonaqpərvərlikdən və tolerantlıqdan məmnunluğunu ifadə edib. O bildirib ki, hazırda bütün dünyada, hətta Avropa və Amerikada yəhudilərə qarşı ikili standartlar siyasətinin davam etdiyi bir vaxtda müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərə göstərilən xoş münasibət təqdirəlayiqdir. A.H.Frankel azərbaycanlılarla yəhudilər arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inandığını bildirib: “Yəhudi icması ilə görüşdə bizə dedilər ki, Azərbaycandan İsrailə köçən bəzi yəhudilər geri qayıdır. Bu, o deməkdir ki, onlar burada özlərini çox rahat hiss edirlər”. AYK üzvü Azərbaycanla İsrailin ikitərəfli əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.

A.H.Frankel dünyada ikili standartlara məruz qalmış xalqın nümayəndələri kimi Azərbaycanın hazırda üzləşdiyi vəziyyəti çox yaxşı anladığını deyib. O, bu yanaşmada ikili mövqenin aradan qaldırılması məqsədilə təşkilatla ölkəmiz arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qeyd olunub ki, Amerika Yəhudi Komitəsinin Azərbaycan-ABŞ, Azərbaycan-İsrail əlaqələrinin, eləcə də Azərbaycan və yəhudi icmaları arasında münasibətlərin inkişafında, həmçinin Azərbaycanın səsinin dünyaya çatdırılmasında xüsusi rolu var və bu fəaliyyət gələcəkdə də davam etdiriləcək.

Azərbaycana 3 günlük səfər çərçivəsində AYK nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, ölkəmizin qədim tarixi abidələri ilə tanış olub, ABŞ, İsrail səfirliklərində və digər qurumlarda görüşlər keçiriblər.

 

DİGƏR Xəbərlər Arxiv