YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Azərbaycan mətbuatı bu gün azad və demokratik şəraitdə yeni inkişaf dövrünü yaşayır

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə əlaqədar konfrans keçirilib. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın görkəmli maarifçi-pedaqoqu və təbiətşünas alimi Həsən bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda «Əkinçi» qəzeti ilə əsası qoyulan  milli mətbuatımızın ötən 140 illik inkişaf yolunun hər birimizdə qürur hissi doğurduğunu vurğulayıb. Nazir Azərbaycan mətbuatının həmişə ictimai həyatın güzgüsü və mütərəqqi ideyaların, ümumbəşəri dəyərlərin daşıyıcısı olduğunu, informasiya təminatında, xalqın maariflənməsində əhəmiyyətli rol oynadığını bildirib: “Cəmiyyətin həyatında KİV-in rolunu yüksək dəyərləndirən Ümummilli liderimiz Heydər Əliyev tərəfindən milli mətbuatın inkişafı daim diqqətdə saxlanılıb. Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyamızda söz, azad məlumat toplamaq, öz baxışlarının azad ifadə edilməsi və s. kimi azadlıqlar təsbit olunub. Ulu öndərimizin 1998-ci il 16 avqust tarixli Fərmanı ilə ölkəmizdə KİV üzərində senzuranın aradan qaldırılması isə Azərbaycanda ümumən demokratik islahatlar prosesində mühüm addımlardan biridir”.

Ölkəmizin sürətli və hərtərəfli tərəqqisini uğurla təmin edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin eyni zamanda ölkə KİV-lərinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan S.Müslümov milli mətbuatımızın 140 illik yubileyinin qeyd olunması barədə dövlət başçısı tərəfindən Sərəncamın imzalanmasını bu diqqət və qayğının növbəti ifadəsi kimi dəyərləndirib. Nazir KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin təmin olunması, xüsusən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və s. istiqamətlərdə mühüm işlərin görüldüyünü, 2008-ci ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın ölkə mətbuatının hərtərəfli inkişafında böyük önəm kəsb etdiyini diqqətə çatdırıb: “Azərbaycan mətbuatı bu gün azad və demokratik şəraitdə yeni inkişaf dövrünü yaşayır. Respublikada çoxsaylı qəzet və jurnalların, televiziya və radio kanallarının, informasiya saytlarının, mətbuat yayımı şirkətlərinin, jurnalist təşkilatlarının olması bu inkişafın daha bir göstəricisidir”.  

S.Müslümov son illərdə milli əmək və sosial müdafiə sisteminin innovativ texnologiyalar əsasında təkmilləşdirilməsi, müasir və  şəffaf, əhali üçün əlçatan xidmətlər sisteminin qurulması yönündə aparılan islahatlardan söz açıb: “Fəaliyyət sahələrimizdə görülən işlər, aparılan islahatlar barədə cəmiyyətin məlumatlandırılması, habelə ictimai rəyin öyrənilməsi üçün biz KİV-lə əməkdaşlığa xüsusi önəm veririk. Bizim fəaliyyətimiz həmişə mətbuat üçün açıqdır. ƏƏSMN-in fəaliyyəti barədə gündəlik olaraq KİV-ə məlumatların verilməsi, aidiyyəti məsələlərlə əlaqədar mətbuat konfransları və birifinqlərin, müsahibələrin təşkili, jurnalist sorğularının cavablandırılması mütəmadi olaraq təmin edilir”. Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə nazirliyin kollektivi adından bütün mətbuat işçilərinə təbriklərini çatdıran S.Müslümov onlara xoş arzularını ifadə edib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın inkişaf yolundan və cəmiyyətin ümumi inkişaf proseslərində fəal iştirakından bəhs edib, onun həmişə azərbaycançılıq əqidəsinə, mütərəqqi dəyərlərə sadiq qaldığını bildirib. Son illərdə ƏƏSMN tərəfindən aparılan uğurlu islahatların mətbuatın gündəmindəki əsas mövzulardan biri olduğunu qeyd edən Ə.Amaşov jurnalistlərin nazirliyin fəaliyyət sahələrinə dair məlumatlar əldə etmələrində, müvafiq sorğularına cavab almalarında hər hansı çətinliklə üzləşmədiklərini, nazirliyin rəsmi saytında məlumatların gündəlik yenilənməsinin təqdirəlayiq olduğunu bildirib, ümumən nazirliyin KİV-lə qarşılıqlı səmimiyyətə əsaslanan fəal əməkdaşlığını nümunəvi bir əməkdaşlıq təcrübəsi kimi yüksək dəyərləndirib.

Konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi islahat tədbirlərini və orqanlarının fəaliyyətini obyektiv işıqlandıran bir qrup jurnalistin mükafatlandırılması ilə yekunlaşıb.