YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Tahir Budaqov: Ağacəkmə aksiyaları ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərir

“Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar ölkə ərazisində və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri, mütərəqqi ümumbəşəri dəyərlərin təşviqinə verdiyi töhfələr minnətdarlıqla yad edilir, onun ideyalarının Azərbaycanın gələcək inkişafı üçün əhəmiyyəti xüsusi vurğulanır. Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti də bu ilin əvvəlində “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planını təsdiq edib”.

Bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Heydər Əliyev İli” çərçivəsində keçirilən ağacəkmə aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib.

Tahir Budaqov bildirib ki, YAP İdarə Heyətinin təsdiqlədiyi  Tədbirlər Planında müxtəlif tədbirlər nəzərdə tutulur: “Onlardan biri də Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsidir. Bu aksiyalara yaz aylarında start verilib və payız-qış mövsümündə də davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, “Heydər Əliyev İli” çərçivəsində bu il  ölkəmizin ərazisində ümumilikdə 3 milyondan çox ağac əkilib. Bu, ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək, insanların həyat keyfiyyətinin yaxşılaşmasına öz töhfəsini verəcək”.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan dünyada mövqelərini ildən-ilə möhkəmləndirir: “Aparıcı dövlət kimi Azərbaycan nəinki regionda, həm də qlobal miqyasda öz yerini təsdiq edib. Bu baxımdan, COP29  tədbirinin  (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-red.) məhz Azərbaycanda  keçirilməsi ilə bağlı qərar tarixi əhəmiyyət kəsb etməklə ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu tədbir çərçivəsində  dünyanın yüzlərlə dövlət və hökumət başçısı, bütövlükdə bu sahə ilə məşğul olan  minlərlə insan Azərbaycana gələcək. Düşünürəm ki, COP29 ərəfəsində bu kimi ağacəkmə  aksiyaları Azərbaycanın ekoloji sağlamlığa yetirdiyi diqqətin, iqlim dəyişikliyinin yaratdığı fəsadların yumşaldılmasına xidmət edən önəmli töhfəsinin bir nümunəsidir”.