YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb

Dekabrın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının “N.Rəfiyev küçəsi 66” ünvanı üzrə yeni ərazi partiya təşkilatı yaradılıb.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasir müstəqil, qalib Azərbaycanın uğurlarından geniş bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu son 20 ildə uğurla davam etdirən Prezident İlham Əliyevin çağırışları sırasında bu mühüm məqam xüsusi yer tutur: Əldə olunun uğurlarla kifayətlənməməli, daim irəli baxmalı, zamanı qabaqlamalıyıq. Hər zaman yeniliyə, təkmilləşməyə xüsusi önəm verən dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərar tutur. Azərbaycanın hər sahədə qazandığı uğurlarının təqdimatı olan tarixi Zəfərimiz yeni reallıqlara yol açdı. “Heydər Əliyev İli”nin möhtəşəm uğurları sırasında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasını qeyd edə bilərik. Çoxəsrlik tariximizə yazılan bu Zəfər səhifəsi ölkəmizin həyatında daha böyük yeniliklərə yol açdı. Belə ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixdə ölkəmizdə  növbədənkənar prezident seçkiləri keçiriləcək. Dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürüldü və bununla bağlı yekdilliklə qərar qəbul olundu. Azərbaycanın  bugünkü reallıqları cənab İlham Əliyevin Prezidentliyə namizədliyini şərtləndirir. Torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü bərpa edən qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə milyonların sevgisi şəksizdir. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada, işğaldan azad olunan bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Bu, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun bizə bəxş etdiyi xoşbəxtlikdir.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Yeni Azərbaycan Partiyası ənənələri olan partiyadır. YAP yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsasında saxlayır. Partiya sözlə əməl birliyi sayəsində cəmiyyətin avanqard qüvvəsinə çevrilib.  Ölkəmizdə keçirilən hər bir seçki kampaniyasından qələbə ilə çıxan YAP-a xalqın inamı, etimadı böyükdür. YAP qələbələr partiyası kimi nüfuz qazanıb. Ümummilli Lider Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyası dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün nəinki ölkəmizin, bütövlükdə regionun aparıcı siyasi təşkilatıdır. Partiyanın VII qurultayında dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bu inamı da ifadə etmişdir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Tədbirdə bu mühüm məqam da qeyd edilib ki, dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi partiyada təmsil  olunmaq  böyük şərəf və məsuliyyətdir. YAP-ın sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsi məhz Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir.

YAP Xətai rayon təşkilatının sədri yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra təşkilati məsələyə baxılıb. Tural Qocayev YAP Xətai rayon təşkilatının “N.Rəfiyev küçəsi 66” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Sənan Məmmədli isə sədr müavini  seçiliblər.