YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib dövlətimiz regionda yeni reallıqlar yaradıb

“Vətən müharibəsində qazanılan şanlı Zəfər, ərazi bütövlüyümüzün bərpası və bu il sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması  müstəqil ölkəmizin daha da inkişafı və güclənməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi üçün yeni imkanlar açıb. Eyni zamanda, qalib dövlətimiz regionda yeni reallıqlar yaradıb. Biz bu gerçəklikləri müharibənin başa çatdığı üç il müddətində aydın şəkildə müşahidə edirik.  Bütün bunların fonunda Prezident İlham Əliyevin ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında Sərəncamı tamamilə məntiqli və siyasi qanunauyğunluqdur”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, bir neçə gündür ölkəmizdə seçki kampaniyasına rəsmi start verilib. Mərkəzi Seçki Komissiyası qanunvericiliyə əsasən müvafiq tədbirlərə başlayıb. Hüquqi və demokratik dövlət olan Azərbaycanda indiyədək keçirilən seçkilər də azad və şəffaf şəkildə baş tutub. Ölkəmizdə demokratik, beynəlxalq təcrübəyə əsaslanan seçki sistemi mövcuddur. Məhz demokratik seçki mühitinin göstəricisidir ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar keçirilən seçkilərdə fəal iştirak edirlər. Bu reallığı qarşıdan gələn növbədənkənar prezident seçkiləri haqqında da demək mümkündür.

P.Kərimzadənin sözlərinə görə, ölkəmizdə müasir dövrün tələblərinə uyğun “Siyasi partiyalar haqqında” qanun qəbul edilib. İstənilən partiya bu seçkilərdə bərabər əsasda iştirak edə bilər. Artıq bir neçə siyasi partiya növbədənkənar prezident seçkilərində iştirak etmək haqqında qərar qəbul edib. Ancaq təəssüf ki, yenə də müxalifətin radikal qanadı növbədənkənar prezident seçkiləri qərarı ilə bağlı yanlış mövqe bildirir, ictimaiyyəti çaşdırmağa çalışırlar. Əslində, bu yanaşma onların zəifliyinin nümunəsidir. Çünki heç bir sosial dayağı olmayan siyasi partiyalar seçkilərdə heç bir nəticə qazana bilməyəcəklərini yaxşı anlayırlar. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın nümunəsi kimi dəyərləndirilməlidir. Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qeyri-obyektiv yanaşmaları  ucuz demaqogiyadan başqa bir şey deyil. AXCP və Müsavat Partiyasının seçkilərdə iştirak etməmək, boykot qərarları da zəiflikdən başqa bir şey deyil. Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas “keyfiyyətlərdən” olub. Seçkilərdə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina edənlərin səbəbi zəiflik və qalmaqallı situasiyaları təhrik etməkdir. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar. Radikallar “boykot” pərdəsi altında sadəcə öz zəifliyini  gizlətmək məqsədini güdürlər. Məntiq və rasionallıqdan məhrum olmuş, habelə milli maraqlara xidmət etməkdən uzaq olan radikallar anlamalıdırlar ki, boykotun elan olunması həm də onların mənəvi məğlubiyyəti deməkdir.

“Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması  prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq, cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikalların iddialarının heç bir əsası yoxdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə çaşqınlıq yaratmaq yolunu seçib. Lakin Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Ona görə də, radikalların əsassız iddiaları cəmiyyətimiz tərəfindən dəstəklənmir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.