YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Diplomatik uğur

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

2024-cü ildə COP29-un Azərbaycanda  keçirilməsi ilə bağlı verilən qərar mühüm tarixi əhəmiyyət kəsb edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ölkəmizin növbəti siyasi-diplomatik uğuru hesab olunur. Eyni zamanda, bu, dünya dövlətlərinin ölkəmizə növbəti dəfə böyük etimad və hörmətinin bariz nümunəsidir. Azərbaycan məhz bu cür yüksək dəyərlərə layiqdir. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

A.Əliyev qeyd edib ki, Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan öz mövqelərini gücləndirib: “Dünya miqyasında sayılıb-seçilən, mövqeyi ilə hesablaşılan bir ölkə kimi Azərbaycan bu gün bir çox beynəlxalq tədbirlərin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizə beynəlxalq aləmdə olan hörmət günbəgün daha da artır. Azərbaycanın siyasi-iqtisadi strategiyası sayəsində bu uğurlar təmin olunub”.

Rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi beynəlxalq birlik tərəfindən yeni reallıq kimi dəyərləndirilir: “Bu qərarın sözsüz ki, antiterror əməliyyatından 2 ay yarım sonra qəbul edilməsi də vacib məqamlardan birini göstərir. Əslində bununla bir daha bütün dünya ictimaiyyəti ölkəmizə öz dəstəyini ifadə edib. Çünki COP29 konfransının Bakıda keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə reallaşır. Antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri dövlətimizə qarşı əsassız ittihamlarla çıxış edirdi. İrəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini bir daha təmin edib”.

Bəzi Qərb, xüsusilə Fransa kimi dövlətlərin əsl reallıqdan uzaq mövqe sərgilədiyini görürük. Fakt odur ki, Fransanın açıq şəkildə dəstək verdiyi Ermənistan belə bu vəziyyətlə barışıb. Ölkəmizdə COP29-un konfransının keçirilməsi bunu bir daha təsdiq edir. Bütün bunlara baxmayaraq, Azərbaycan COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcək. Bu xalqımızın növbəti böyük uğuru olacaq. Ölkəmiz neft-qaz dövləti olsa da Azərbaycanın qarşısında yaşıl enerji ilə bağlı mühüm hədəflərin olduğu bir daha bəyan ediləcək. Çünki yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda dövlətimizin həyata keçirdiyi enerji siyasətinin prioritetini təşkil edir”.

A.Əliyev vurğulayıb ki, ölkəmiz uğurlu şəkildə beynəlxalq tədbirlərə ev sahibliyi edir. “Qoşulmama Hərəkatında uğurlu strategiyası Azərbaycanın təşkilata daha 1 il müddətinə sədrlik dövrünün uzadılması ilə bağlı qərarın verilməsi ilə nəticələnib. Azərbaycan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etməklə yeni bir nümunə yaradıb. Dövlətimiz, həmçinin Qoşulmama Hərəkatı ilə yanaşı Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda aktiv iştirak edir”.