YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvandan Şuşaya: müasir dövlətçilik tariximizin Noyabr səhifəsi

“Zəfər yolu” anlayışı, əsas etibarilə, Azərbaycanı möhtəşəm Qələbəyə aparan tarixi dönəmi ifadə edir. Söhbət Heydər Əliyev ideyalarının reallaşdırılması, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın möhtəşəm – şanlı və tarixi Zəfər qazanmasından, ölkəmizin ərazi bütövlüyünün, xalqımızın isə milli qürur və ləyaqətinin bərpasından gedir.

Müasir dövlətçilik tariximizin – siyasi təqvimin noyabr ayına nəzər saldıqda xalqımız üçün ən önəmli – mühüm və taleyüklü məqamlara şahidlik edirik.

Diqqət yetirək:

- 9 noyabr – Dövlət Bayrağı Günü: müasir, müstəqil Azərbaycan Respublikasının milli dövlətçilik ənənələri və dəyərləri müstəqilliyimizin atributiv rəmzi olan bayrağımızda əks olunub. Bu bayraq bizim milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiqliyimizi nümayiş etdirir. Bayrağımız milli suverenliyimizin simvolu, xalqımız üçün müqəddəs dövlətçilik rəmzidir. 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirilməsi və Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı elan olunması tarixi hadisə idi. Eyni zamanda, Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilsin. Daha dəqiq desək, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə milli müstəqillik uğrunda cərəyan edən proseslərə təkan verdi. Beləliklə, Ulu Öndərin səyləri nəticəsində üçrəngli bayrağımız ilk dəfə Naxçıvan Muxtar Respublikasında Dövlət Bayrağı kimi qəbul edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi Dövlət bayrağı kimi tanınması tarixi hadisə idi. Deyə bilərəm ki, bu, müstəqilliyə aparan önəmli addımlardan biri idi”.

Bu gün Azərbaycanın üçrəngli bayrağı milli dövlətçiliyin ən uca məqamında, ali nöqtəsində - müstəqillik və Zəfər zirvəsində qürurla və əzəmətlə dalğalanır. Xüsusilə də, “Heydər Əliyev İli” çərçivəsində Prezident İlham Əliyevin komandanlığı ilə qazanılan növbəti hərbi-strateji və diplomatik Qələbə nəticəsində Qarabağ münaqişəsi mövzusunun birdəfəlik bağlanması – üçrəngli bayrağımızın işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanması, Azərbaycanın konstitusiya quruluşunun bərpası böyük mənəvi-siyasi əhəmiyyətə malik hadisə kimi xüsusi rəmzi məna daşıyır.

- 17 noyabr – Milli Dirçəliş Günü: xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində mənəvi əsaslarını – siyasi başlanğıcını ötən əsrin 60-80-ci illərindən götürən dirçəliş mübarizəsi sonralar dönməz xarakter aldı. Heydər Əliyev 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi zamanı milli-mənəvi dəyərlərin qorunmasına, milli mədəniyyətin dirçəlişinə, xalqımızın intibahına və yüksəlişinə, milli özünüdərk prosesinə xüsusi önəm verir, bu istiqamətdə mühüm işlər görürdü. Məhz onun təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu ziyalılar ordusu yetişmişdi. Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza xüsusilə Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu. Yüksək vətənpərvərliyə, milli birliyə malik olan Azərbaycan xalqı müstəqillik ideyası – istiqlal idealı, azərbaycançılıq məfkurəsi əsasında öz haqlarını qorumaq üçün səfərbər oldu. Doğrudur, 1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın mənafeyini düşünən bu şəxslərin siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi istiqamətə yönləndirmək iqtidarında deyildilər. Həmin ağır məqamlarda yenə də Ulu Öndər Heydər Əliyev milli istiqlal ruhunu ölməyə qoymadı. Qeyd etdiyimiz kimi, 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxarılması, dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırılması milli şüurda ictimai-siyasi oyanışa təkan verdi. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun əsası qoyuldu. Bu yol, eyni zamanda, Azərbaycan xalqını Noyabr Zəfərinə apardı;

21 noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının yaradılması: qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin olduğu Yeni Azərbaycan Partiyasının 31 illik tarixi, əslində, zəngin və şərəfli Zəfər yoludur. 1992-ci ilin noyabr ayında Naxçıvanda milli Liderin ətrafında, xalqın dəstəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçməklə yanaşı, 2020-ci ilin noyabr ayında Azərbaycan xalqının möhtəşəm uğuruna, tarixi Zəfərinə layiqli töhfə verdi. Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni Azərbaycan tarix yazdı, adını tarixə qalib və qüdrətli dövlət kimi yazdırdı. Başqa sözlə, güclü Liderin qətiyyətli mövqeyi və siyasəti, xalqın dəstəyi – milli birlik və həmrəylik sayəsində bənzərsiz nailiyyətə imza atıldı.

Naxçıvandan Şuşaya doğru tarixi və mənəvi-siyasi Zəfər yolunun inşası çoxəsrlik dövlətçilik tariximizin zirvə hadisəsi oldu. Yeni Azərbaycan Partiyasının yarandığı və 28 il sonra Vətən müharibəsində böyük Qələbənin qazanıldığı noyabr dövlətçilik tariximizə Zəfər ayı kimi düşdü.

- 12 noyabr – Konstitusiya Günü və müstəqillik dövründə ilk parlament seçkiləri: dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təsbit edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümummilli Lider “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” ,-deyə qeyd etmişdi. 1995-ci ilin mayında Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişikliklərə imkan verən, qanunvericiliyin təkmilləşdirilməsində fundamental hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Konstitusiyanın qəbul edildiyi gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında seçkilər keçirildi. Bu isə müstəqil Azərbaycan Respublikasının demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsi üçün yeni imkanlar yaratdı. Bu günə qədər aparılan Konstitusiya islahatları isə Azərbaycanın inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyətə malik olub, Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb;

- 8 noyabr 2020-ci il – Şuşanın işğaldan azad edilməsi və dövlətçilik tariximizin Qələbə zirvəsi - Zəfər Günü: 2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına nail oldu. Şübhəsiz ki, bu Zəfər salnaməsinin yaradılması – Qələbə dastanının yazılması, yəni mürəkkəb geosiyasi şəraitdə, dünya siyasətində toqquşan və kəsişən strateji maraqların fonunda Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə müvəffəq olması sadə və sıradan məsələ deyil.  Xüsusilə də, Şuşanın 30 ilə yaxın davam edən hərbi-siyasi əsarətdən xilas edilməsi ayrıca bir qəhrəmanlıq dastanı, şərəf tarixi və qürur salnaməsidir. Beləliklə, 2020-ci ilin noyabrın 8-də Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin xüsusi məharəti, böyük şücaəti və nümunəvi rəşadəti sayəsində erməni vandalizminin əsirliyindən qurtarılan Şuşa şəhəri xilaskarlarını qürurla qarşıladı. Azərbaycan Prezidentinin “Nasionalnaya oborona” jurnalına müsahibəsində qeyd etdiyi kimi, indi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər: “Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır”. Şuşanın işğaldan azad olunması həm mənəvi, həm siyasi, həm də strateji baxımdan çox mühüm əhəmiyyətə malikdir. Bu qədim Azərbaycan şəhəri coğrafi-strateji cəhətdən böyük üstünlüklərə sahibdir. Bu faktor təcavüzkar Ermənistanın Şuşanı işğal etmək niyyətinin və cəhdinin arxasında duran amillərdən biri olub. Onlar bu yolla Azərbaycana qarşı işğal siyasətinin əhatə dairəsini – miqyasını genişləndirmək niyyəti güdüblər. Digər tərəfdən, Şuşa mənəviyyat xəzinəsidir. Azərbaycan xalqı XVIII əsrdə əsası qoyulmuş bu şəhərin dünya mədəniyyət xəzinəsinə çoxsaylı töhfələri ilə qürur duyur. Şuşa Azərbaycan xalqının mədəniyyət incilərindən biridir, onun tariximizdə yeri və rolu müstəsnadır. Şuşanın işğaldan azad olunması, eyni zamanda, Vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna ali ehtiram nümunəsidir. Qürurvericidir ki, Müzəffər Ali Baş Komandanımız Şuşanın işğaldan azad olunması barədə müjdəni məhz Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti zamanı verdi.

30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalsa da, Şuşa öz milli kimliyini - azərbaycanlı ruhunu itirməyib. Ermənilərin Şuşanın mədəni-siyasi aurasını dəyişdirmək, onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə verməyib. Artıq Şuşa öz əzəmətini - möhtəşəmliyini, tarixi simasını bərpa etməkdədir. Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı Şuşanın dirçəldilməsinə, öz milli ruhunu qorumasına toxunaraq “Bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Şuşa belə ağır vəziyyətdə olmazdı. Siz, indi buraya gələn qonaqlar müharibədən ilyarım keçəndən sonra gəlirsiniz. Əgər müharibədən dərhal sonra gəlsəydiniz, görərdiniz ki, nə vəziyyətdədir. Hələ də dağılmış vəziyyətdədir. Ancaq Şuşa bərpa olunur, Şuşa dirçəlir və Şuşanın dirçəlməsi ilə bağlı gedən işlər çox genişmiqyaslıdır və bu haqda sizə məlumat veriləcək” deyib. Azərbaycan Prezidenti digər hədəflərlə yanaşı, milli yaddaşın bərpası - tarixi, mədəni irsimizin qorunması və geniş təbliğ olunmasını mühüm strateji vəzifələrdən biri kimi müəyyənləşdirib. Dövlət başçısı xalqımızın milli hafizəsinin yenilənməsini təkcə tarixi məsələ kimi deyil, həm də siyasi, mənəvi, mədəni və ideoloji hadisə kimi nəzərdən keçirir. Çünki  Azərbaycanın gələcək hədəflərinə nail olmaq - perspektiv inkişaf yolu həm də milli keçmişimizə sahib çıxmaqdan, tarixi yaddaşımızın siyasi-ideoloji, mədəni-mənəvi qatlarını yeniləməkdən keçir. Bu baxımdan, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi müstəsna əhəmiyyətə malikdir. Dövlətimizin başçısı bununla həm də milli - tarixi-mədəni və ictimai-siyasi yaddaşı təzələyir, gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli mirasımıza sahib çıxmaq nümunəsi göstərir.  

15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinə gedən yol da, əslində, noyabr ayından – bu əzəli və əbədi Azərbaycan torpağının işğaldan azad edilməsindən, Zəfər təqvimindən keçir. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanması və “Şuşa İli”ndə təsdiqlənməsi müstəsna siyasi-strateji, mənəvi və tarixi əhəmiyyətə malikdir. Şübhəsiz ki, Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsidir.

8 noyabr, eyni zamanda, Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi ilə dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı!

Bütövlükdə, 21 noyabrdan 8 noyabra aparan tarix, əslində, zaman və məkan anlayışlarının fövqündədir. Bu, Qələbə Zirvəsinə aparan Zəfər yolunun vaxtla ölçülən və ölçülməyən məsafəsini, unudulmaz milli təqvimi əks etdirir. 

- 10 noyabr 2020-ci il – Azərbaycanın Qələbəsini təsdiqləyən – rəsmiləşdirən, Ermənistan üçün isə kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatın imzalanması: bu gün qürurla xatırlayırıq ki, 44 günlük Zəfər yürüşü zamanı Azərbaycan Ordusunun ardıcıl nailiyyətlər qazanması, xüsusilə də noyabrın 8-də Şuşanı işğaldan azad etməsi nəticəsində Ermənistanın hərbi-siyasi rəhbərliyi təslimçilik mövqeyindən çıxış etdi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata imza atdı. Bu, Ermənistan üçün kapitulyasiya, Azərbaycanın qələbəsinin isə siyasi-hüquqi təsdiqi oldu.

Postsovet məkanında separatizmin zərərsizləşdirildiyi, başının əzildiyi - belinin qırıldığı ilk geostrateji məkan məhz Azərbaycan oldu. Şanlı Qələbədən bir müddət sonra Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması, ardınca əzəli və əbədi Qarabağımızda lokal antiterror tədbirlərinin həyata keçirilməsi ilə geniş geosiyasi arealda - Cənubi Qafqazda, Qafqazda və postsovet məkanında separatizmin məhv edilməsi təcrübəsi yaradıldı. 30 ilə yaxın müddətdə BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməklə nadir presedent formalaşdıran Azərbaycan daha bir nümunə yaratdı. Təbii ki, Azərbaycan kimi uzun müddət işğal, bölücülük və ikili standartlardan əziyyət çəkən bir çox dövlət, o cümlədən postsovet ölkələri mövcuddur. Hər birinin özünəməxsus iqtisadi, hərbi-strateji   potensialı, demoqrafik və geosiyasi resursları var. Amma mürəkkəb beynəlxalq vəziyyətdə, olduqca çətin şərtlər və şərait fonunda haqq işini qələbə ilə yekunlaşdıran, separatizm kimi "geopolitik xərçəng daşıyıcısı olan hüceyrələrin metastazı"nın qarşısını alaraq dövlətin vahid siyasi orqanizm kimi bütöv sağlamlığını təmin edən məhz Azərbaycandır. Bu isə sırf lider amili, yaxud liderlik fenomeni ilə əlaqədardır.  Dünya azərbaycanlılarının Lideri - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji oyun qaydalarını 4 qızıl qayda əsasında müəyyənləşdirməsi sayəsində bu reallığı yarada, uğura çata, zirvəni qət edə bildik: vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq. Cənab İlham Əliyev müdrik dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi vaxtı düzgün seçdi: Azərbaycan nə tələsdi, nə gecikdi - hər şey vaxtında! Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standartlara baxmayaraq, İlham Əliyev heç vaxt avantüraya getmədi, vaxtında və məqamında müvafiq addım atdı və hədəfə nail olduq! Artıq Cənubi Qafqazda saatlar Bakı vaxtı ilə qurulur!

Qədim dövrdə məşhur ifadə var idi: min millik yol bir addımla başlayır. Bəli, yol mədəniyyət olduğu kimi, həm də tarixdir. 1992-ci ilin noyabrından 2023-cü ilin noyabrına qədər olan zaman müddətində Azərbaycan xalqını tərəqqidən Qələbəyə aparan Zəfər yolu, əslində, dövlətçilik trayektoriyasıdır. Naxçıvandan Şuşaya gedən, istiqaməti və hədəfi bəlli olan bu yol Azərbaycanı iki zirvəyə daşıdı: öncə müstəqillik, daha sonra Qələbə zirvəsinə.

1992-ci ildə Yeni Azərbaycan Partiyası təsis olunanda Azərbaycan adlı məmləkətin heç coğrafi koordinatları belə bir çox xalqa, ölkəyə, o cümlədən bəzi güc mərkəzlərinin rəsmilərinə bəlli deyildi. “The Washington Post” qəzetinin 1992-ci il saylarından birində dərc edilmiş karikatura mənzərəni aydın təsvir edirdi: ABŞ Dövlət Departamentinin Azərbaycan üzrə məsul əməkdaşı həyat yoldaşı ilə telefonla danışır. Bu vaxt onun köməkçisi gəlir və Azərbaycanla bağlı yeni xəbərləri məruzə edir. Köməkçi otağı tərk etdikdən sonra məsul əməkdaş həyat yoldaşından soruşur: "Əzizim, deyə bilərsən, Azərbaycan harada yerləşir?" İkinci məqam: ölkəmizin rəyi, mövqeyi nəzərə alınmır, maraqları heçə sayılırdı. Çünki  Azərbaycan düzgün (milli maraqlara əsaslanan) siyasət həyata keçirmirdi, müstəqil mövqeyi yox idi. Ona görə də ölkəmizə tərəfdaş və qüvvə kimi yox, coğrafi amil - ərazi vahidi kimi baxılırdı.

Yeni Azərbaycan Partiyası belə bir şəraitdə yaradılmış, Heydər Əliyev böyük siyasətə qayıtmış – xilaskarlıq missiyasını yerinə yetirməyə başlamışdı. Yol uzun və məşəqqətli görünürdü, amma Heydər Əliyevin şəxsi keyfiyyətləri (təcrübəsi, vətənpərvərliyi, iradəsi və s.), xalqın öz Liderinə qətiyyətli dəstəyi tərəqqi yolunun inşasını mümkün etdi. Ulu Öndər Zəfər yolunun siyasi və iqtisadi özüllərini qoymaqla müstəqillik və Qələbə zirvəsinə sağlam addımlarla irəliləməyə imkan yaratdı. Əvvəlcə Azərbaycan regional autsayderdən söz və nüfuz  sahibi olan, müstəqil siyasət aparan ölkəyə çevrildi. Azərbaycanın rəyi və mövqeyi nəzərə alındı, ölkəmiz etibarlı və perspektivli tərəfdaş kimi tanınmağa başladı. Müstəqil siyasət respublikamıza yeni imkanlar qazandırdı. Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi isə Naxçıvandan başlayan Zəfər marafonunun Şuşada möhtəşəm hərbi-siyasi finalını mümkün etdi. İndi Zəfər yürüşü ictimai-siyasi, sosial-iqtisadi, mədəni-humanitar, diplomatik-strateji müstəvidə davam edir. Yeni zirvələr fəth etmək məqsədilə:

- Zəfər yolunun ictimai əsasları möhkəmləndirilir - milli həmrəyliyin qorunması və daha da gücləndirilməsi üçün ardıcıl, məqsədyönlü siyasət həyata keçirilir;

- sosial-iqtisadi imkanlar genişləndirilir - işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi xüsusi diqqət mərkəzindədir;

- tarixi - milli yaddaşımız yenilənir, mədəni ənənələrimiz müasir dəyərlərlə vəhdətdə zənginləşdirilir;

- Qələbənin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi işi aparılır.

Zəfər yolunda əmin addımlarla irəliləyirik və şübhə yoxdur ki, Azərbaycan bütün strateji hədəflərinə çatacaq. Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin iki cümləsi ilə ifadə etsək: “Bizi heç kim və heç nə dayandıra bilməz” və “Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.

Nurlan QƏLƏNDƏRLİ

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri