YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcər yenidən dirçəlir

Anar Məmmədov

Milli Məclisin deputatı

44 günlük Vətən müharibəsində şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatıb.

Diz çöküb Azərbaycan qarşısında yalvaran Ermənistan Ağdamı, Kəlbəcər və Laçını Azərbaycana qaytarmağa da məcbur oldu. Artıq Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən üç il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüş, həmçinin Kəlbəcərin 60 min sakini respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. Erməni vandalları tərəfindən Kəlbəcərin onlarla tarixi-mədəniyyət abidəsi, sosial infrastrukturu dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. Hətta mənfur düşmən üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Kəlbəcər rayonunu tərk edərkən 1992-ci ildə olduğu kimi, vandallığından əl çəkmədi, öz barbarlığını nümayiş etdirdi. Ermənilər Kəlbəcəri tərk edərkən evləri yandırır, infrastrukturu dağıdır, meşələrə od vurur, ağacları kütləvi şəkildə kəsərək yük maşınları ilə Ermənistana daşıyırdılar. Faktiki olaraq Ermənistan dünyanın gözü qarşısında Azərbaycan təbiətinə qarşı ekoloji terror törətdi. Əminliklə deyə bilərik ki, Azərbaycan Ermənistan üzərində qazandığı böyük Qələbə nəticəsində tarixi torpaqlarımızı işğaldan azad etməklə yanaşı, erməni faşizminə də qalib gəldi. Bu fikirləri Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə ifadə edib. Həqiqətən, ermənilərin insanlara, təbiətə qarşı törətdikləri vəhşiliklər, barbarlıq heç bir insanlığa sığmır. Lakin erməni vandallarının törətdiyi bütün cinayətlərə baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Bütün işlər planlı görülür. Kəlbəcərin azad olunmasından cəmi üç il keçib, artıq rayonda quruculuq işləri, infrastruktrun qurulması istiqamətində çox ciddi layihələr gerçkləşdirilib və sürətli iş gedir. Cənab İlham Əliyev bu işlərdə ictimai nəzarətin rolunu xüsusi qeyd edir. Cənab Prezident bu inamı da  ifadə etmişdir ki,  bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!