YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qürur və əzəmətlə...

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Azərbaycanın tarixi zəfərə imza atdığı günə, Şuşanın azad olunmasının üçüncü ildönümünə həsr olunan hərbi parad Xankəndi şəhərində reallaşdı. Xalqımız qəhrəman oğullarımızın dünya hərb tarixinə düşən şücaəti ilə fəxr edərək bu günü bayram etdi. Möhtəşəm Zəfərin sədası bu dəfə dünyaya düşmən işğalından azad edilən Xankəndidən yayıldı. Azərbaycan xalqının torpağından bir qarış belə düşmənə güzəştə getməyəcəyi mesayı bu dəfə Xankəndi şəhərindən verildi. Tarixi Qələbənin üçüncü ildönümündə Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə ucaldılan üçrəngli bayrağımız Zəfər təntənəsini daha əlamətdar etdi.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışında qeyd etdiyi kimi: “Qırx dörd günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim. Halbuki suallar demək olar ki, təkrarlanırdı. Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər – sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz – həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün”.

Tarixi qələbədən 3 il sonra Zəfər Günü münasibətilə Xankəndi şəhərinin mərkəzində hərbi paradın keçirilməsi xalqımıza qürur dolu bir gün yaşatdı. 1919-cu ilin iyul ayında Xankəndidə keçirilən hərbi paraddan ötən 104 il sonra Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünü xalqımız haqq savaşımızın fədailərini anaraq, suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa edən qəhrəmanların xatirəsinə ehtiram bildirilərək qeyd edildi. Bu tarixdə, düşmən üzərində qazanılmış həmin gün üçrəngli bayrağımız daha qürurla, əzəmətlə dalğalandı. İllərdən bəri gözlədiyimiz, həsrətində olduğumuz tarixi günün sevincini Xankəndidə yaşadıq.
Döyüşlərdə böyük qəhrəmanlıq və hünər göstərərək düşməni məhv edən, yağıları torpaqlarımızdan qovan Azərbaycan Ordusunun və başqa güc strukturlarının şəxsi heyəti Xankəndinin baş meydanında Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşısından təntənəli addımlarla keçdi.

Əzəli-əbədi torpaqlarımızda müzəffər ordumuzun hərbi paradını izləmək çox qürurlu, sevindirici idi. 8 Noyabr – Zəfər Günündə zəfərimizin təsdiqi olan hərbi parad Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, daim qürurla xatırlanacaq.

DİGƏR Xəbərlər Arxiv