Xəbərlər
Əhliman Əmiraslanov: İlk Avropa Oyunlarının uğurla başa çatması bütün xalqımızın qələbəsidir

«İlk Avropa Oyunlarının uğurla başa çatması bütün xalqımızın qələbəsidir». Bu fikri Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, bu Oyunlar dünyanın əksər ölkələrində böyük maraqla qarşılanıb. Onun sözlərinə görə, Azərbaycan çox qısa müddətdə bu möhtəşəm tədbirə hazırlaşa bildi.
«Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi bu işin öhdəsindən layiqincə gəldi. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri möhtəşəm oldu. Mən də Bakı Olimpiya Stadionunda idim, tədbiri izləyərkən çox qürur duyurdum. Bütün Avropa mediası Oyunların yüksək səviyyədə keçirilməsindən yazdı, telereportajlar hazırlandı. Hər yerdə xalqımızın necə mehriban, qonaqpərvər olduğundan danışıldı. Birinci Avropa Oyunlarına Azərbaycanın çox qısa bir müddətdə hazırlaşmasına baxmayaraq, qurur duyuram ki, nəticə həddindən artıq yüksək oldu»- deyə, Ə.Əmiraslanov vurğulayıb.