YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz bacardıq

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edilib. 25 oktyabr Qubadlı Şəhəri Günüdür.

Digər torpaqlarımız kimi, Qubadlı rayonu da bərpa-quruculuq dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 23 dekabr 2020-ci il tarixdə Qubadlıda Azərbaycan Bayrağını ucaltmasından sonra bərpa işlərinə start verildi.

Dövlət başçısı İlham Əliyev 2021-ci ildə Qubadlıya səfəri zamanı rayon  icimaiyyətinin nümayəndələri ilə görüşündə bu məqamı xüsusi qeyd etmişdir ki, azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq, onların adı məktəblərə veriləcək. Artıq bu proses başlamışdır. Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Qarabağ-Zəngəzur bölgəsində bütün bərpa işləri başa çatandan, küçələr salınandan, məktəblər tikiləndən sonra bu da olacaq: “Ancaq görüləsi işlər çoxdur. Sizin bir çoxunuz ilk dəfədir ki, Zəfərdən sonra Qubadlıya səfər edirsiniz və görürsünüz ki, düşmən hər tərəfi dağıdıb. Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamat bina yoxdur. Sadəcə olaraq, erməni hərbçiləri öz məqsədləri üçün bir neçə binadan istifadə etmişdir, onlar da bərbad vəziyyətdə idi. Mən bura keçən il dekabr ayında gələndə gördüm ki, onlar da bərbad vəziyyətdədir. Ona görə də biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq.”

İşğaldan azad edilmiş ərazilərimiz Baş plan əsasında bərpa edilir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Cənab İlham Əliyevin Qubadlıya sözügedən səfəri zamanı Qubadlı yarımstansiyasının açılışı olmuşdur ki, bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiya idi. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.

Qubadlı rayonu 1993-cü ilin 31 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilib. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınıb. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılıb.

Qubadlı rayonu ölkəmizin cənub-qərbində yerləşir, səthi əsasən dağlıqdır. Rayon qərbdən 120 km məsafədə Ermənistanla, Şimaldan Laçın, Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. İşğal zamanı bu yataqlar mənfur düşmən tərəfindən istismar edilib.

Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün davam etdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular, yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən buradan müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bunu bacardı, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi.

Tarixi Zəfərimizin reallıqları fonunda bərpa-quruculuq mərhələsini yaşayan bütün işğaldan azad edilmiş ərazilərimiz tezliklə sakinlərinə tam şəkildə qovuşmaqla həyatlarının yeni dövrünə qədəm qoyacaqlar. Hər bir rayonun malik olduğu iqtisadi potensialdan səmərəli istifadə ümumilikdə ölkəmizin dayanıqlı inkişafına böyük töhfə olacaq.