YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəhrəmanlığın, şücaətin təqdimatı

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

“Biz sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq, sonra hücum əməliyyatına keçdik. Çünki biz torpaqlarımızı azad etməli idik. Ermənistanın təxribatlarına son qoyulmalı idi. Günahsız insanların həlak olmasına son qoyulmalı idi və əks-hücumdan sonra hücum edən tərəf, adətən, daha çox itki verir. Ancaq bizim itkilərimiz müharibənin miqyasına görə həddindən çox aşağıdır. Hər bir şəhidimiz əvəzolunmazdır, hər bir insanın həlak olması böyük faciədir, onun özü üçün, yaxınları üçün, qohumları üçün, xalq üçün. Ancaq onu da bildirməliyik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Məhz buna görə ola bilər bəziləri hesab edir ki, bu məsələ daha da tez həll oluna bilərdi. Halbuki 44 gün ərzində bu ərazini işğaldan azad etmək və düşməni məhv etmək, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır.” Dövlət başçısı İlham Əliyevin 2020-ci ilin dekabrında Azərbaycan Bayrağını Qubadlıda ucaltdıqdan sonra çıxışı zamanı söylədiyi bu fikirlər rəşadətli Ordumuzun qəhrəmanlığının, şücaətinin təqdimatı oldu.

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə hər gün irəli gedərək işğal altında olan torpaqlarımızı azad etdi, ermənilərin illərdir yaratdıqları mifləri darmadağın etdi. Bir daha sübut olundu ki, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır, ən güclü ordu Azərbaycan Ordusudur. 44 günün hər gününü tariximizə zəfər səhifəsi kimi yazmaq böyük xoşbəxtlik və qürurdur.

Xalqımız 2020-ci il 25 oktyabr tarixində Qubadlının işğaldan azad edilməsi sevincini yaşadı. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra növbəti istiqamət Qubadlı rayonu idi. Cənab İlham Əliyev qeyd etdiyimiz çıxışında bu məqamları xüsusi vurğulamışdır ki, şəhərdə ermənilər güclü istehkam qurmuşdular. Şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi: “Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Bu cinayətə və bütün digər cinayətlərə görə Ermənistan dövləti cavab verəcəkdir.”

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. Son üç il bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə xarakterizə edilir. Dövlət başçısı İlham Əliyevin Qubadlıya reallaşdırdığı 4 səfərin hər biri tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdışa doğru atılan biri-birindən əhəmiyyətli addımlarla zəngindir. Belə ki, bu səfərlər çərçvəsində cənab İlham Əliyev Azərbaycan Bayrağını ucaltdı, Xanlıq-Qubadlı yolunun, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etmişdir. “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd idmətinin yeni hərbi hissə kompleksinin  açılışı olmuşdu.  Dövlət başçısı “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq olmuşdu. Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdülər.

Ötən il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olmuş, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoymuşdular. Bu muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən, haqq səsimizi dünyaya çatdıran təşviqat mərkəzinə çevriləcək.

Tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımlar sırasında 2020-ci il noyabrın 26-da təsis edilən “Qubadlının azad olunmasına görə” medalını da xüsusi  qeyd etməliyik.  Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15212 hərbi qulluqçusu Prezidentin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Göründüyü kimi, torpaqlarımızın işğaldan azad edildikləri tarixlər özündə mühüm məqamları birləşdirir. İşğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqlarını özündə ehtiva edən bu tarixlər heç zaman unudulmayacaq, tariximizin zəfər səhifələri kimi daim vərəqlənəcəklər.