YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyanın diqqətində...

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlı şəhərinin işğaldan azad edilməsi xəbərini xalqımıza verdiyi gündən 3 il  keçir.

“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Ölkə Başçımız 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Zəngilandan sonra Qubadlının azad olunmasını belə xarakterizə edib.

 Oktyabrın 25-i Azərbaycan dövlətinin tarixində əbədi qalacaq ən parlaq səhifə oldu. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Qubadlı sakinlərinin yurd həsrətinə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyuldu.

Qubadlı rayonunun azad edilməsinin strateji əhəmiyyətini xüsusi olaraq vurğulayan  Prezident İlham Əliyev deyirdi: “Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi”.

Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Həmin gün, böyük Qələbədən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri Qarabağ və Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Qubadlı sakinlərinin xatirəsində ən parlaq səhifə oldu. 2020-ci ilin dekabrın 23-də Müzəffər Ali Baş Komandan Qubadlıda Azərbaycanın üçrəngli bayrağını ucaldıltdı. Bir il sonra dövlət Başçımız Qubadlının azad edildiyi gün Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılış mərasimlərində iştirak etdi, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. 19 oktyabr 2022-ci ildə Qubadlıya səfəri zamanı Prezident İlham Əliyev “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış oldu, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoydu. 2023-cü ilin mayın 4-də ölkə başçımızın rəhbərliyi ilə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlinin qoyması qubadlıların sevincinə sevinc qatdı.

Üç il öncə işğaldan azad olunan Qubadlı  sürətlə dirçəlir. Düşmənin  dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, hətta təbiətə qarşı vandallıq əməlləri törətdiyi Qubadlı şəhəri bərpa edilir, dünyanın ən gözəl məkanına çevrilir. Erməni vandallarının göz tikdiyi Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları,  Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı həm Qubadlının əhalisinin işlə təminatında, həm də ölkəmizin iqtisadiyyatında müsbət əhəmiyyəti ilə seçilir.

İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz kimi  “Ağıllı şəhər" və "ağıllı kənd" layihəsi əsasında qurulan, yeni inkişaf dövrünü yaşayan Qubadlı şəhəri də dünyanın diqqətindədir. Ən əsası isə işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönür, öz yurdlarından köçkün düşmüş soydaşlarımız doğma ocaqlarının işığını yandırırlar, yenidənqurma layihələrinin, düşmənin viran qoyduğu rayonların, şəhərlərin, kəndlərin abadlaşdırılmasının şahidi olurlar.