Xəbərlər
Azər Badamov: Bəzi beynəlxalq təşkilatlara hüquq və azadlıqların təmin olunması, demokratiya maraqlı deyil
«Bəzi beynəlxalq təşkilatlara, əslində supergüclərə heç də insan haqları, hüquq və azadlıqların təmin olunması, demokratiya maraqlı deyil. Onları ancaq özlərinin maraqları, dünyaya nəzarəti həyata keçirmək və bunu nəyin bahasına olursa- olsun gerçəkləşdirmək iddiaları maraqlandırır». Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.
A.Badamov bildirib ki, bu dairlər çalışırlar ki, xüsusilə, inkişaf edən gənc müstəqil ölkələrə nəzarəti əllərinə alsınlar, onları öz yollarından döndərsinlər. Onun sözlərinə görə, dünyada ikili standartlar, ədalətsiz yanaşmalar mövcuddur.
«Azərbaycan müstəqil, inkişaf edən, dövlət siyasəti xalq tərəfindən dəstəklənən, dünyada haqqın- ədalətin tərəfdarı olan, beynəlxalq hüquqa böyük hörmətlə yanaşan ölkədir. Ona görə də belə bir güclü, müstəqil dövlətin yaranmasına, yaşamasına bəzi qüvvələr və onlara xidmət edən beynəlxalq təşkilatlar böyük qısqanclıqla yanaşır, daim şər -böhtanla çıxış edirlər. Ancaq bizdən fərqli olaraq Ermənistan aqresiyyalar törədən, insan haqlarına məhəl qoymayan, tənəzüllə doğru gedən və xüsusi maraqlara xidmət edən bir qrup terrorçunun əlində cəmləşən bir ölkədir. Bu ölkə daxilində nə olursa- olsun, nə baş verirsə-versin sanki qeyd etdiyim qüvvələrə və beynəlxalq təşkilatlara heç bir aidiyyatı yoxdur. Çünki Ermənistanı idarə edən məhz bu terrorçu, əli qana bulaşmış insanlar onların maraqlarını dünyada həyata keçirməyə yardımçı olurlar. Ona görə də dünyada insan hüquq və azadlıqlardan danışan beynəlxalq təşkilatlar Ermənistanda baş verənlər qarşısında susur. Bu təşkilatlar siyasi sifarişləri müəyyən dairələrdən alırlar. İndiki sifariş isə susmaqdır və ona əməl etməlidirlər»- deyə, A.Badamov qeyd edib.