YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev sözünə sadiq və sözü imzası qədər dəyərli lider olduğunu sübuta yetirmişdir

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun “Respublika” qəzetinə müsahibəsi

- Tahir müəllim, Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafı və tarixi nailiyyətlər qazanması, heç şübhəsiz, liderlik fenomeni - lider amili ilə əlaqədardır. Bu baxımdan, 20 il bundan əvvəl - 15 oktyabr 2003-cü ildə xalqımızın Heydər Əliyev siyasətinə bir daha inamını ifadə edərək cənab İlham Əliyevə etimad göstərməsi müasir və müstəqil dövlətçilik tariximizin dönüş nöqtələrindəndir. Siyasi varisliyin təmin olunması hansı reallıqları yaratdı və xalqımıza, dövlətimizə nə qazandırdı?

- Tarixə və müasir dövrün reallıqlarına nəzər yetirdikdə lider amilinin xalqların intibahı və dövlətlərin inkişafında müstəsna rola malik olduğunu görürük. Hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da bu baxımdan istisna deyil. İnkaredilməz həqiqətdir ki, müasir Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı - dahi şəxsiyyətin məqsədyönlü və uzaqgörən siyasəti, əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır. Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəlində - tariximizin olduqca mürəkkəb dönəmində, yəni iqtisadi tənəzzülün, vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın hökm sürdüyü, Ermənistanın mövcud geosiyasi şəraitdən və ölkəmizin böhran vəziyyətində olmasından istifadə edərək torpaqlarımızı işğal etdiyi bir vaxtda liderlik missiyası yerinə yetirməklə Azərbaycanı məhv olmaq - dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək sabitlik və tərəqqi yoluna çıxardı. O, respublikanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər gördü, böyük tarixi nailiyyətlərə imza atdı və ölkəmizin qarşısında aydın perspektivləri müəyyən etdi.

Ümummilli Liderin xalqımız və dövlətimiz, müasir dövlətçiliyimiz qarşısında misilsiz xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır.

Heç şübhəsiz, ən yeni tariximizin önəmli səhifələrindən və həlledici məqamlarından biri 2003-cü il 1 oktyabr tarixində Heydər Əliyevin xalqa müraciətidir. Ulu Öndər tarixi müraciəti zamanı Azərbaycanın keçdiyi inkişaf yoluna, əldə etdiyi uğurlara nəzər salmaqla yanaşı, qarşıda duran vəzifələrin də əhəmiyyətinə diqqəti cəlb etmiş, ölkəmizin tərəqqisinə, xalqımızın firavanlığına xidmət edəcək yolu dəqiq təsvir edərək “Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və digər məsələləri həll etmək olar. Əminəm ki, bu, məhz belə də olacaq”,- deyə bildirmişdi. Ümummilli Liderimiz üzünü həmvətənlərinə tutaraq mühüm bir çağırış etmiş - İlham Əliyevə özü qədər inandığını əminliklə bildirərək xalqı siyasi varisini dəstəkləməyə çağırmışdı.

Təbii ki, xalqımız o zamana qədər 34 il ərzində ölkəmizə şərəflə, qürurla və uğurla rəhbərlik edərək böyük uğurlara imza atmış, Azərbaycanı layiq olduğu inkişaf yoluna çıxarmış Ümummilli Liderin çağırışına səs verərək – Heydər Əliyev siyasətini növbəti dəfə birmənalı şəkildə dəstəkləyərək cənab İlham Əliyevə böyük etimad göstərdi.

Cənab İlham Əliyev 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimindəki nitqində "Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcək, müasir dövlətə çevriləcəkdir. Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm" ,- söyləmişdi. Dövlət başçısının ifadə etdiyi kimi, Heydər Əliyev siyasəti uğurla davam etdirildi. İstər daxili, istərsə də xarici siyasətdə çox mühüm nailiyyətlər qazanıldı, qarşıda duran hədəflərin reallaşdırılması Azərbaycanın qüdrətinin artmasını təmin etdi. “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” ,- deyən dövlət başçısı Azərbaycanın iqtisadi potensialının, siyasi nüfuzunun artmasını, ikitərəfli və çoxşaxəli münasibətlərinin inkişafını, beynəlxalq mövqeyinin möhkəmlənməsini, milli birliyin güclənməsini təmin etməklə sözünə sadiq və sözü imzası qədər dəyərli lider olduğunu sübuta yetirdi.

İnnovasiyalara əsaslanan müasir və dayanıqlı iqtisadiyyat quruculuğu, sistemli, kompleks xarakterli islahatlar Azərbaycanın davamlı inkişafının təmin olunması baxımından böyuk əhəmiyyətə malik oldu. Xüsusilə də, iqtisadiyyatın neft-qaz sektorunun inkişaf etdirilməsi Azərbaycanın tərəqqisində və dünyada etibarlı tərəfdaşa çevrilməsində mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu yeni enerji siyasəti fonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, həmçinin “Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılması Azərbaycanın regional və beynəlxalq mövqeyinin möhkəmlənməsini, iqtisadi və siyasi əlaqələrinin genişlənməsini, strateji valyuta ehtiyatlarının və maliyyə imkanlarının artmasını təmin etdi.

Bunlarla yanaşı, Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafını prioritetlərdən biri kimi müəyyənləşdirdi, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirildi. Neft gəlirlərindən səmərəli istifadə edilməsi, infrastrukturun yenilənməsi və digər addımlar Azərbaycanın inkişafına güclü təkan oldu. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar sistemli fəaliyyətin həyata keçirilməsi, xüsusilə də Dövlət proqramlarının fasiləsiz olaraq reallaşdırılması bölgələrdə iqtisadi fəallığın artmasına və əhalinin rifahının yüksəlməsinə töhfə verdi.

Təbii ki, dinamik iqtisadi inkişaf səmərəli sosial siyasətin həyata keçirilməsinə də geniş imkanlar yaratdı. Bu sahədə görülən işlər əhalinin gəlirlərinin artmasını, yeni iş yerlərinin açılmasını, işsizliyin və yoxsulluğun azaldılmasını şərtləndirdi. Bu, Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” tezisinin real təsdiqi olmaqla vətəndaş məmnunluğunu təmin edən mühüm amilə çevrildi.

Beləliklə, həyata keçirilən məqsədyönlü siyasət sosial-iqtisadi inkişafı təmin etdi, yeni nailiyyətlər qazanmaq üçün etibarlı bünövrə yaratdı. Statistik göstəricilər də bu reallığı təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “son 20 il ərzində ümumi daxili məhsul dörd dəfə, büdcə gəlirlərimiz 30 dəfədən çox, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Biz birbaşa xarici borcun həcmini azalda bildik və hazırda o, ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır”.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının daha bir mühüm tərkib hissəsini siyasi və institusional islahatlar təşkil edir. Bu, idarəetmənin səmərəliliyinin artırılması, siyasi sistemin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və milli birliyin gücləndirilməsi üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə də, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi kimi böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası da demokratik siyasi mühitin və plüralizmin tərəfdarı kimi siyasi sistemin inkişafında, dialoqun dərinləşdirilməsində, rəqabət mühitinin güclənməsində maraqlıdır və bu istiqamətdə sistemli fəaliyyət göstərir.

Bu məqamda qeyd etmək yerinə düşər ki, islahatlar ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasını da əhatə edir. Partiyamızın 2021-ci il martın 5-də baş tutmuş VII qurultayında önəmli qərarların qəbul edilməsi və ötən müddət ərzində bu istiqamətdə mühüm addımların atılması istər partiyamızın, istərsə də ölkəmizin inkişafı üçün faydalı olmuş, milli hədəflərə çatmağa əlverişli şərait yaratmışdır. Yeni Azərbaycan Partiyasının yeni reallıqlar fonunda səmərəli fəaliyyəti - partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl şəkildə yerinə yetirilməsi Azərbaycanın milli maraqların qorunmasına siyasi və ideoloji dəstək göstərilməsi, sağlam ictimai rəyin formalaşması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli şüurun gücləndirilməsi, həm Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, həm də partiyamızın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi baxımından önəmlidir.

Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasəti və hücum diplomatiyası Azərbaycanın dünya miqyasında reputasiyası və mövqeyinin möhkəmlənməsini, strateji hədəflərin gerçəkləşməsini təmin etmiş, ölkəmiz regional liderə - bölgədə güc mərkəzinə, beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilmişdir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə mühüm nəqliyyat və enerji layihələrinin reallaşdırılması, ikitərəfli və çoxşaxəli formatda əməkdaşlıq platformalarının yaradılması, ölkəmizin beynəlxalq təşkilatlarda uğurla təmsil olunması və bir sıra təsisatlara sədrlik etməsi, xüsusilə də 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına rəhbərlik etməsi respublikamıza mühüm dividendlər qazandırmışdır. Xatırlatmaq lazımdır ki, Azərbaycanın sədrliyi müddətində BMT Təhlükəsizlik Şurasının 59 açıq və qapalı iclası keçirilmiş, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilmiş, ölkəmizin fəallığı, humanizm dəyərlərinə sadiqliyi, milli maraqlara hörməti və beynəlxalq hüquq normalarına uyğun mövqeyi yüksək qiymətləndirilmişdir. Qoşulmama Hərəkatına sədrliyi dövründə də Azərbaycan bir sıra qlobal xarakterli təşəbbüslərlə çıxış etmiş və təsadüfi deyil ki, 120 dövlətin daxil olduğu bu mötəbər beynəlxalq təşkilatın qərarı ilə onun sədrlik dövrü 1 il müddətinə uzadılmışdır.

Beləliklə, dövlət başçısının qeyd etdiyi kimi, “Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib”.

Prezident İlham Əliyevin çoxvektorlu xarici siyasət kursuna paralel olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında, ölkəmizin müsbət imicinin beynəlxalq aləmdə daha da möhkəmlənməsində əvəzsiz rola malik olmaqla yanaşı, multikulturalizmin və tolerantlıq ənənələrinin təşviqi, sivilizasiyalar arasında dialoqun inkişafı baxımından da mühüm əhəmiyyətə malikdir.

Nəhayət, Azərbaycan müasir çağırışlara və dövlətçilik mənafelərinə uyğun xarici siyasət həyata keçirməklə əsas hədəfinə - ərazi bütövlüyünün bərpasına doğru əmin addımlarla irəliləmişdir. Bu kontekstdə etibarlı dostluq və tərəfdaşlıq əlaqələrinin formalaşdırılması, ərazi bütövlüyümüzün dəstəkləndiyi qərar və qətnamələrin qəbuluna nail olunması, qərəzli dairələrin məkrli planlarının iflasa uğradılması, Azərbaycan həqiqətlərinin təbliğ, erməni yalanlarının isə ifşa olunması ölkəmizin mövqeyinin möhkəmlənməsinə şərait yaratmış və təsir imkanlarımız artmışdır.

Digər tərəfdən, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu, səmərəli və nümunəvi ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu silah-sursat, texnika ilə təchizat, döyüş qabiliyyəti, vətənpərvərlik ruhu baxımından dünyanın ən güclü ordularının sırasına daxil olmuş və üzərinə düşən əsas vəzifəni layiqincə yerinə yetirərək öz sözünü döyüş meydanında söyləmişdir. 2016-cı ildə Ermənistanın diversiya-təxribat cəhdləri nəticəsində baş vermiş dördgünlük Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızı azad etmək gücündə, əzmində və iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirmişdi. 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları isə ordumuzun qüdrətini bir daha təsdiqlədi, ordu quruculuğu siyasətinin real nəticələrini əyani şəkildə göstərdi.

Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı iqtisadiyyatın yaradılması, praqmatik xarici siyasətin və müasir ordu quruculuğunun həyata keçirilməsi, milli həmrəyliyin gücləndirilməsi Azərbaycanın haqq işinin qələbə ilə yekunlaşmasında – tarixi ədalətin və ərazi bütövlüyünün təmin olunmasında həlledici rol oynadı.  

- Yeri gəlmişkən, torpaqlarımızın işğaldan azad edilməsi Heydər Əliyev siyasətinin zirvəsi, Prezident İlham Əliyevin Azərbaycan xalqına və dövlətinə qazandırdığı ən möhtəşəm nailiyyət, tarixi və şanlı Qələbə kimi qiymətləndirilir. Bu barədə nə deyə bilərsiniz?

- Tamamilə doğrudur, 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalan torpaqlarımızın ikili standartlara, qərəzli və ədalətsiz yanaşmalara, müxtəlif geosiyasi oyunlara rəğmən, işğaldan azad edilməsi Heydər Əliyev siyasətinin möhtəşəm uğuru və təntənəsidir.  

Bu gün iftixarla ifadə edirik ki, 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədaləti və milli qürurumuzu bərpa etmişik, dünyaya qalib xalq və dövlət olaraq öz gücümüzü, əzmimizi və iradəmizi göstərmişik. 2020-ci ilin sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti təxribatına Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə layiqli cavab verməsi, “Dəmir yumruq” əməliyyatının uğurla həyata keçirilməsi çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tariximizin parlaq səhifəsidir. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza müraciətində aydın və qətiyyətli mövqe sərgiləyərək “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” ,- deyə qəti inamını ortaya qoymuşdu. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin bütün cəbhələrdə - hərb meydanında, beynəlxalq informasiya platformasında və diplomatiya müstəvisində öz üstünlüyünü təmin edərək böyük Qələbəyə müvəffəq olması unudulmaz tarixi hadisədir. Azərbaycan işğal faktına öz milli gücü ilə son qoydu, BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi.

Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində Azərbaycanın Qarabağda lokal antiterror tədbirləri həyata keçirərək suverenliyini tam təmin etməsi isə ölkəmizin konstitusiya quruluşunun bərpası ilə yanaşı, separatizmin məhv edilməsi əsasında postsovet məkanında yeni bir nümunənin yaradılması, regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən zəminin formalaşdırılması ilə əlamətdardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışdıq. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq, lakin əfsuslar ki, biz anladıq: bunu sülh yolu ilə etmək mümkünsüzdür. Biz özünümüdafiə hüququmuzdan istifadə etdik. Biz BMT nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq”.

Azərbaycanın tarixi Zəfər qazanmaqla və suverenliyini tam bərpa etməklə yaratdığı reallıqlar istər ölkəmizdə, istərsə də bütövlükdə Cənubi Qafqaz regionunda yeni siyasi, sosial-iqtisadi, mədəni-humanitar və hərbi-strateji çağırışların meydana çıxmasını şərtləndirmişdir. Xüsusilə də, bölgədə yeni əməkdaşlıq imkanları və təhlükəsizlik mühitinin formalaşdırılması üçün əlverişli şərait yaranmışdır. Bu, Cənubi Qafqazın uzunmüddətli perspektivdə həm region dövlətlərinin, həm də güc mərkəzlərinin maraqlarının uzlaşdığı çoxşaxəli tərəfdaşlıq məkanına çevrilməsini mümkün edir.

- Azərbaycanın təşəbbüsləri fonunda regionun tərəfdaşlıq məkanına çevrilməsinin önəmini diqqətə çatdırdınız. İşğaldan azad edilmiş ərazilərimizin bərpası ilə əlaqədar dost və tərəfdaş ölkələrlə işbirliyinin həyata keçirilməsinin çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi və Cənubi Qafqazda inteqrasiyanın sürətləndirilməsi baxımından əhəmiyyəti nədən ibarətdir?

- Bilirsiniz ki, ərazi bütövlüyümüzün bərpasından sonra istər Azərbaycan, istərsə də bütövlükdə Cənubi Qafqaz üçün yeni çağırışlar meydana çıxıb. Bunlardan biri də Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri olan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda başlıca məqsəd və vəzifələr öz əksini tapıb.

Böyük Qayıdışın layiqli şəkildə - zamanında və yüksək səviyyədə həyata keçirilməsi üçün vacib şərtlərdən biri də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi və müasir infrastrukturun yaradılmasıdır. Təqdirəlayiq haldır ki, postmüharibə dönəmində yeni hədəflər müəyyənləşdirən Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində sistemli fəaliyyət həyata keçirməklə həm mütərəqqi quruculuq və regional inkişaf modeli, həm də bölgədə yeni tərəfdaşlıq platforması yaradır. Müəyyən olunmuş prioritetlərə uyğun olaraq Azərbaycan öz iqtisadi gücü hesabına, müasir texnologiyalardan istifadə edərək və innovasiyalar tətbiq etməklə bərpa-quruculuq işləri aparır. Bu proses çərçivəsində xarici tərəfdaşlarla da səmərəli əməkdaşlıq əlaqələri qurulub və birgə təşəbbüslər əsasında mühüm layihələr reallaşdırılır. Tərəfdaşlıq zəminində ərazilərin minalardan təmizlənməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşayış məntəqələrinin qurulması, iqtisadi fəaliyyətin bərpası və digər istiqamətlərdə atılan addımlar dayanıqlı məskunlaşmanın və müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmin olunmasına əlverişli zəmin yaradır. Şübhəsiz ki, “Böyük Qayıdış” proqramı çərçivəsində görüləcək işlər sosialyönümlü iqtisadiyyatın inkişafına, o cümlədən məşğulluğun artmasına, əhalinin rifahının yüksəlməsinə də təkan verəcək.

İşğaldan azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrin bərpası da quruculuq və Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Bu, istər Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə, istərsə də milli yaddaşımızın bərpasına, Azərbaycanın zəngin tarixi ənənələrinin və milli-mənəvi dəyərlərimizin dünyaya təqdim olunmasına böyük töhfə olacaqdır.  

Bir sözlə, strateji hədəflər reallığa çevrilir – Böyük Qayıdış həyata keçirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ildə qazanılan uğurlar və hazırkı reallıqlar Heydər Əliyev yolunun alternativsizliyini, Azərbaycanın möhtəşəm nailiyyətlərinin əsasını təşkil etdiyini bir daha təsdiqləyir. Heydər Əliyev ideyalarının təntənəsi və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin real nəticəsi olan Böyük Qayıdış da çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevriləcək və daha güclü Azərbaycanın etibarlı bünövrəsini təşkil edəcəkdir.