YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan BMT-nin Məskunlaşma Proqramına bir milyon ABŞ dolları məbləğində vəsait ayırıb

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) maliyyə vəsaiti ayırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, qlobal urbanizasiyanın artdığı şəraitdə şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafını təmin etmək Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv dövlətlərin əsas hədəfinə çevrilmişdir. Ötən illərdə Azərbaycan bu sahədə BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlıq edərək, qeyd olunan hədəfin reallaşmasına mühüm dəstək göstərmişdir. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərdə müasir şəhər quruculuğu və bərpa işləri BMT-nin “Dayanıqlı inkişaf məqsədləri” təşəbbüsünün prinsipləri əsasında həyata keçirilir. Gələcək inkişafın və rifahın əsas qüvvəsi olan şəhərlərin davamlı inkişafı naminə ölkələrin fəal əməkdaşlığı qlobal sülhə, təhlükəsizliyə və inkişafa mühüm töhfə ola bilər.

Sərəncama əsasən, dünyada dayanıqlı şəhərlərin inkişafı istiqamətində faydalı əməkdaşlığın genişlənməsinə, eləcə də bu çərçivədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəstək göstərmək məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılacaq.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.