YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sarsılmaz birlik

Anar Məmmədov

Milli Məclisin deputatı  

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Sentyabrın 25-də Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvanda görüşü, imzalanan sənədlər, mətbuata birgə bəyanatları münasibətlərimizdə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən səfər kimi tarixə düşdü.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təməlini qoyduqları İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi illər əvvəl ölkələrimiz arasında başlanmış uğurlu enerji əməkdaşlığı yolunun davamıdır. Səfər çərçivəsində Prezidentlər Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Azərbaycan-Türkiyə birliyini daha da möhkəmləndirəcək sənədlər imzalandı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında yaxın günlərdə Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəyini də bildirdi.

Prezident İlham Əliyev mətbuata bəyanatında diqqəti həmçinin bu günlərdə Azərbaycanın 24 saat müddətində apardığı lokal xarakterli antiterror tədbirlərinə yönəldərək bildirdi ki, əziz qardaşım bu hadisə baş verəndə Amerikada, Nyu-Yorkda idi. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak edirdi. Orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən ədalətli bəyanatlar verdi. Bu, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar idi. Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan qardaş ölkənin yanımızda olduğunu, Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” çağırışını bir daha xatırlatdı və bildirdi ki, bu, bir çoxları üçün ciddi siqnal, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq.

Cənab Ərdoğanın da çıxışının məzmununda ifadə olunduğu kimi, “Azərbaycanın qələbəsi ilə bölgədə yeni pəncərə açılıb və Ermənistan səmimi şəkildə davranmalıdır”. Biz regionun sülh perspektivlərinə inanırıq, eyni zamanda Şuşa Bəyannaməsi ilə vahid güc kimi çıxış edən Azərbaycan və Türkiyə bütün mümkün ssenarilərə, hətta ehtimallara belə hazırdır. Naxçıvanda Bərpa-istehsalat hərbi kompleksinin açılışı da göstərir ki, nə qədər güclü olsaq da, biz daha da güclü olmaq əzmində və imkanındayıq, zaman isə Azərbaycan-Türkiyə birliyinin lehinə işləyir.

Türkiyə-Azərbaycan birliyi bu gün bərpa edilən Qarabağ və Zəngəzurda yenə də görünür. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış məcburi köçkünlərin maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün misilsiz layihələr gerçəkləşdirilir. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Azərbaycan, həm də Türkiyə Zəngəzur dəhlizinə xüsusi önəm verir. Rusiyanın da bu layihənin həyata keçirilməsində xüsusi marağı var. Bu layihənin həyata keçirilməsi bütövlükdə regionda təhlükəsizliyin təmin olunmasına, sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfələr verəcək. Həmçinin, Azərbaycanı loqistika mərkəzinə çevirmək üçün yeni imkanlar yaradacaq. Artıq proses sürətlə gedir və bu layihələrin qarşısını heç kim ala bilməz.

Göründüyü kimi, bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millət şərəflə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.