YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır

“Bu gün Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək zirvədədir. İki qardaş ölkənin əlaqələri daim yüksələn xətlə inkişaf edir. Sarsılmaz birliyə əsaslanan dostluq və əməkdaşlıq prinsipləri möhkəm təməllərə əsaslanır. Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri də iki ölkə arasında sarsılmaz birliyin nümunəsi oldu. Bu səfər və dövlət başçılarının görüşü Naxçıvan şəhərində gerçəkləşməsi ilə əlamətdardır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirb ki, hazırki münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və  Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Bu gün müstəqil dövlətlər olaraq münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün ən yüksək zirvədədir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub.

Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir birimizə birmənalı olaraq qarşılıqlı dəstək verməyin əsl örnəyini nümayiş etdiriblər. Sentyabrın 25-də Türkiyə Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı da bu gerçəklik bir daha təsdiqləndi. Liderlərin Naxçıvanda baş tutan görüşündə ölkələrimizin əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub. Xatırladım ki, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə münasibətlərimizin yeni mərhələsi başladı. Şuşa Bəyannaməsi hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb edib. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, iki il bundan əvvəl uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi - müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Dövlətimizin başçısı qeyd edib: “Bu gün bu əlaqələr ən yüksək zirvədədir və biz indi bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq”.  Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada bənzəri olmayan müstəsna səviyyədədir: ““Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən dönüş nöqtəsidir”.

Millət vəkilinin sözlərinə görə, dövlət başçıları həmçinin İğdır-Naxçıvan qaz kəmərinin təməlini atıb, eləcə də Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər. Bundan başqa Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalayıblar.

Digər vacib bir məqama gəlincə, 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə 44 günlük erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları, bütün xalqı  Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu.  Hazırda regionda yeni proseslər baş verir. Qarabağda antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam təmin olunub. Dövlətimizin başçısı Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin uğurla gedəcəyinə əminliyini ifadə edib. Türkiyə Prezidenti isə vurğulayıb ki, Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Çünki, sülhün uduzanı olmaz.

Pərvin Kərimzadə onu da qeyd edib ki, iki qardaş öncə hər zaman xoş və çətin günlərdə həmrəylik nümayiş etdirir. Fevral ayında Türkiyədə güclü zəlzələ baş verdikdə Azərbaycan dövləti gözləmədən öz xilasedici missiyasını təbii fəlakət bölgəsinə göndərdi, vətəndaşlarımız öz yardımlarını əsirgəmədilər. Səfər zamanı imzalanmış müvafiq sənədə əsasən dövlətimiz zəlzələ bölgəsinin bərpasında, tikinti işlərində yaxından iştirak edəcək. 

Bütövlükdə, Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üçün unikal bir nümunəyə çevrilib. Bizim sarsılmaz birliyimiz yeni-yeni birgə zəfərlərimizi şərtləndirən mühüm amildir!