Xəbərlər
Azərbaycan Ordusu qələbə əzmi ilə irəlilədi

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı işğal edilmiş əraziləri azad etməyə başladı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. 30 ilin işğalına 44 gündə son qoyulması Azərbaycan dövlətinin qətiyyətinin, Ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, torpaq, Vətən sevgimizin nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrini böyük ruh yüksəkliyi ilə yerinə yetirən Vətən oğulları qanları, canları ilə tarix yazmaqla bir daha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir.
Prezident İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi təsis olunub. Bu tarix, eyni zamanda, şanlı Zəfərimizə gedən yolun başlanğıcıdır. Torpaqlarımızın mənfur düşmən tərəfindən işğalı otuz ilə yaxın davam etdi. Azərbaycan bu illər ərzində ədalətə və beynəlxalq hüquqa söykənərək dünyanın aparıcı dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara ikili standartlara əsaslanan siyasətə son qoyub işğalçı Ermənistana “Dur!” deməyə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına çağırışlar etsə də dünya gücləri laqeyd yanaşmaları ilə diqqətdə oldular.
Münaqişəsinin nizamlanması üçün 1992-ci ildə təsis olunan ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.
Bu laqeydliklər, Ermənistana dəstək işğalçı dövlətin daha böyük iddialarla yaşamasına, yeni ərazilər uğrunda müharibə planı hazırlamasına yol açdı. Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması işğalçı dövlətin yeni ərazilər planına işıq saldı. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdən “Hücum!” əmrini alan Azərbaycan Ordusu qələbə əzmi ilə irəlilədi. Ölkə Prezidentinin hər gün xalqa müraciəti Qələbə müjdəli oldu. Silahlı Qüvvələrimiz ermənilərin illərdir qurduğu istehkamları dağıtdı, hərbi texnikasını məhv etdi, yaxud qənimət kimi götürdü. Bu texnikanın bir qismi Zəfər Paradında nümayiş olundu. Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə Bakının Xətai rayonunda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkı buraya gələn hər bir ziyarətçiyə Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Bu gün xalqımız o günlərdən başlanan Zəfər yolu ilə gələcəyə doğru qürurla addımlayır. Hazırda Qarabağda, Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, tarixi abidələrimizi dağıdıb. Ölkəmiz bərpa-quruculuq işlərində də təcrübəsini nümayiş etdirir. Belə ki, müharibədən çıxan ölkə üçün bərpa-quruculuq işlərinə başlamaq asan deyil. Amma Azərbaycan müharibə başa çatan kimi dərhal bərpa-quruculuq işlərinə başladı. Bu, həm ölkəmizin malik olduğu imkanların, həm də öz tarixi torpaqlarına sahib olan xalqımızın qurucu xalq olduğunun göstəricisidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev daim bu çağırışı edir ki, bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir.
Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın sevgisi və ehtiramı sonsuzdur. Xalqımız əmindir ki, azad Qarabağımızda və Şərqi Zəngəzurumuzda dirçəliş prosesi tezliklə başa çatacaq, bu torpaqlarda yeni həyat başlayacaq və Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr veriləcək.